ABŞ-də mötəbər tennis turniri olan “Sinsinati Open” davam edir. Dünən keçirilən oyunlardan sonra ¼ finalçılar müəyyənləşib.

Turnirin bir nömrəsi Karlos Alkarasın rəqibi Tommi Pol olub. Keçən həftə Kanadada keçirilən “Masters” turnirində ABŞ-li tennisçinin qələbəsindən sonra bu görüş maraqla gözlənilirdi. Azarkeşlərin ehtimalları özünü doğruldub. Dünyanın bir nömrəli tennisçisi yenə də rəqibi ilə mübarizədə çətinliklərlə üzləşib. İlk setdə breyklə önə keçməsinə baxmayaraq, Pol üstünlüyünü davam etdirə bilməyib. Nəticədə Alkaras tay-brekdə qalib gəlib. İkinci setdə qarşılıqlı breyklər edən tennisçilər tay-brekə  qədər tarazlığı poza bilməyiblər. Bu dəfə Tommi Pol seti qalib tamamlayıb. Həlledici setdə ispan tennisçi nəhayət ki, öz oyununu nümayiş etdirməyi bacarıb və 1 həftə əvvəlki məğlubiyyətin əvəzini çıxıb – 7:6 (8:6), 6:7 (0:7), 6:3.

Novak Cokoviç isə Alkarasdan fərqli olaraq ¼ finala rahat adlayıb. Serbiyalı tennisçi Qael Monfis üzərində qələbə qazanıb – 6:3, 6:2. Bu, tərəflər arasında 19-cu oyun olub. Bütün oyunlarda Novak Cokoviç qalib gəlib. Bununla da o, tennis tarixində rekord göstəriciyə imza atıb. İndiyədək peşəkar tennisdə heç bir idmançının rəqibi üzərində şəxsi görüşlərdə 19:0 hesablı üstünlüyü yoxdur. Buna ən yaxın göstərici Rafael Nadalla Rişar Qaskenin şəxsi görüşləridir. Orada üstünlük 18:0 ispan tennisçinin tərəfindədir.

Qeyd edək ki, ¼ finalda Alkaras Pörsellə, Cokoviç isə Fritslə qarşılaşacaq. “Masters” seriyalı turnirin mükafat fondu 6,6 milyon dollardır. Alkarasla Cokoviç yalnız finalda üz-üzə gələ bilərlər.

Shares: