“Matçın çətin keçəcəyini əvvəldən bilirdik. Bu günlər ərzində necə hazırlaşdığımızı meydanda göstərə bildik”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Julio Romao Avropa Liqasının 3-cü təsnifat mərhələsində HJK ilə səfərdəki cavab oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib.
Ağdam təmsilçisi ilk görüşdə olduğu kimi, cavab oyununda da rəqibinə 2:1 hesabı ilə qalib gəlib və pley-offa adlayıb. 25 yaşlı yarımmüdafiəçi buna görə qürurlu olduqlarını söyləyib:
“Rəqib üçün çətin oldu. Çünki azlıqda qaldılar. Belə halda oynamaq çox çətindir. Amma onsuz da biz yaxşı çıxış edirdik. Qələbə qazandığımız üçün çox qürurluyuq”
O, pley-off mərhələsində “Olimpiya”ya qarşı keçirəcəkləri oyunlar haqqında da fikirlərini bölüşüb: “Avrokuboklarda asan matç olmur. “Olimpiya” ilə görüşlərin də çətin keçəcəyini düşünürəm. Ümid edirəm ki, bu oyunlarda da yaxşı çıxış edərək daha da irəli gedəcəyik”.