Bu mövsüm “Kəpəz” üçün daha çətin keçəcək. Komanda Misli Premyer Liqasının digər iştirakçıları ilə müqayisədə hissolunacaq qədər zəifdir.

Gəncəlilərin yayda normal hazırlıq keçə bilməməsi bir yana heyət də gücləndirilməyib. Transferlərin yubanması isə nəticələrə təsir edir. Qərblilər evdə “Neftçi”nu yendikdən sonra “Zirə”yə qarşı da yaxşı oyun keçirmişdi. Amma bu gün “Turan Tovuz” onların problemlərini qabarıq şəkildə üzə çıxardı.

“Kəpəz”in layiqli ehtiyat qüvvəsi yoxdur. Start heyətində yer alanların isə yüksək ustalıq səviyyəsindən danışmaq olmur. Təsadüfi deyil, qonaqlar sürəti artıran kimi rəqibi çətinə salmağı bacarırdı. Qollarda fərdi səhvlərin olması məhz heyətdə yüksək səviyyəli futbolçuların az olmasına görədir.

Gəncəlilər yeni legionerlərin gətirilməsi istiqamətində çalışır. Rəhbərlik büdcənin imkan verdiyi qədər məhsuldar işləməyə çalışır. Lakin heyətin komplektləşməsində gecikmə önəmli xal itkilərinə səbəb olur və komanda mövsümün sonunda bunun əziyyətini çəkəcək.

“Turan Tovuz”a gəlincə, Ayxan Abbasovun yetirmələri ardıcıl 3 səfər oyununda önəmli 6 xal qazandı. Yeganə məğlubiyyətin “Qarabağ”la matçda qeydə alındığını nəzərə alsaq, nəticə qənaətbəxşdir. Lakin ötən mövsüm tovuzluların ev oyunlarında çox xal itirdiyini unutmamalıyıq. Komanda sindromu qıra, ev oyunlarında büdrəmələri azalda bilməsə, Gəncədəki qələbənin önəmi azalacaq.

Hələ mövsümün əvvəlidir, tovuzlulrın “artırmaq” üçün potensialı var. Heyət yeni yığılıb və bir çox oyunçuların nəyə qadir olduğunu tam görməmişik. Gəncəlilər isə hələ transferləri bitirməli, daha sonra oyununu nizama salmalıdır.

AĞA

Shares: