Yayın növbəti böyük turnirinə start verilir. Atletika həvəskarları qarşıdakı 8 gün ərzində bu idman növünün ən böyük ulduzlarının mübarizəsinə tamaşa edəcəklər.

Atletikanın zirvə yarışı Olimpiya oyunlarıdır. Olimpiadadan bir il əvvəl keçirilən dünya çempionatları isə marağına görə heç də onlardan geri qalmır. Bunun bir neçə səbəbi var. Əvvəla, geridə qalan 3 il ərzində çox dəyişir. Bir çox güclü atletlər karyeralarını başa vururlar. Ən vacibi isə qüvvələr nisbətinin necə olduğunu müəyyən qədər təxmin etmək mümkün olur.

Hazırda atletikanın demək olar ki, hər bir növündə yeni ulduzlar var. Useyn Boltun karyerasını başa vurması bu idmanda boşluq yaratsa da, yeni gənc idmançıların gəlişi rəqabətin səviyyəsini yenidən yüksəklərə qaldırdı. Pandemiya dövrünü geridə qoyan atletika yarışları tədricən özünə gəlməyə başlayıb. Doğrudur, Rusiya – Ukrayna müharibəsi bəzi növlərə ciddi təsirini göstərir. Ancaq bunun da atletika bayramına xələl gətirəcəyi inandırıcı görünmür.

Hazırda dünya atletika elitası Macarıstana toplaşıb. Açılış mərasimində şəxsən ölkənin prezidenti çıxış edəcək. Son illərdə Budapeşt Avropa idmanının mərkəzinə çevrilib. Böyük beynəlxalq turnirlər bu şəhərdə layiqincə təşkil edilir. Atletika üzrə dünya çempionatının istisna təşkil etməyəcəyi də gün kimi aydındır.

Kişilər 10 növdə medallar uğrunda mübarizə aparacaqlar. Qadınlar 7 növdə yarışacaqlar. Kişilərin və qadınların idman yerişində məsafə dəyişdirilib. Artıq onlar 35 km məsafə qət edəcəklər. Dünya çempionatları tarixində 2-ci dəfə 400 metr məsafəyə qarışıq estafet yarışı baş tutacaq.

O ki qaldı Azərbaycana, ölkəmiz çempionatda iki nəfərlə təmsil edilir. Anna Skidan çəkicatma, Aleksis Kopello isə 3 təkanla tullanmada mübarizə aparacaq.

Digər idman növlərinin izləmək üçün dünya səviyyəli ulduzların siyahısına diqqət yetirək:

Arman Düplantis 23 yaşı olmasına baxmayaraq, şüvüllə tullanmada Sergey Bubkanın əbədi sayılan rekordlarını yeniləyib. İsveçli idmançı dünya çempionatına da rekordları yeniləmək üçün gəlir. Ötən mundialda o, 6,21-lik nəticəylə dünya çempionu olub.

duplantis - Futbolinfo.az

Yaroslava Moquçix gözəl olmasıyla bərabər həm də çox istedadlıdır. Hündürlüyə tullanmada 1980-ci ildən qalan 2,09-luq rekordu qırmağa çalışacaq. Əsas rəqibi də elə Kostadinovanın göstəricisidir.

yaroslava - Futbolinfo.az

Uzun məsafələrə qaçışda adətən afrikalı idmançılar podiumda olurlar. Ancaq bəzi hallarda digərlərini də aralarında görmək olur. Bu gün Norveç idmanı dedikdə ağla biatlonçular, Haland və Karlsen gəlməməlidir. Onlardan başqa da ölkənin idmanda ulduzu var. Bu da Yakob İngebriqtsendir. Nə keniyalılar, nə efiopiyalılar , nə də digər afrikalılar ağ norveçlinin tempində qaça bilmirlər. Yakob 1500 və 5000 metr məsafələrdə bütün Afrikaya qarşı mübarizə aparacaq.

ingebri - Futbolinfo.az

Nirac Çopra turnirdə iştirak edəcək idmançılar arasında ən çox azarkeşə malik olanıdır. Bunun da səbəbi çox sadədir. Çopra Hindistandandır. Sosial şəbəkə hesabında təqibçilərinin sayına görə o, bəlkə də yerdə qalanlarının hamısını birlikdə üstələyir. Çopra ölkə idmanının ən böyük simasıdır.

copra - Futbolinfo.az

Şakerri Riçardson Tokio Olimpiya oyunlarını marixuanadan istifadə etdiyinə görə buraxmışdı. Uğursuzluqlarına baxmayaraq, ən maraq doğuran sprinterlərdən biri sayılır. Amerikalı idmançını həm də ekstravaqant saç düzümü və dırnaqlarına görə izləməyə dəyər.

ricardson - Futbolinfo.az

100 metr məsafəyə qaçış hər zaman Amerika materikindən çıxan idmançıların qələbə qazandığı dissiplin olub. Son olimpiadada italyan Ceykobsun qələbəsi istisna təşkil edir. Bu dünya çempionatı da deyəsən, istisna nəticəyə səhnə olacaq. Çünki favoritlərdən biri keniyalıdır. Ölkəsində kütləvi şəkildə stayerin yetişməsinə baxmayaraq Ferdinand Omanyala 100 metrdə güclüdür.

omanyala - Futbolinfo.az

Son olimpiya oyunlarında maraqlı hadisə 2 idmançının qızıl alması idi. Kişilərin hündürlüyə tullanma yarışında Canmarko Tamberi və Murtaz Barşimin nəticəsi eyni oldu. Qətərli və italiyalı idmançıların maraqlı mübarizəsini bu dəfə də görəcəyik. Kimin qalib gələcəyini söyləmək isə mümkün deyil. Favorit qətərlidir. Belə ki, o, son dünya çempionatının qalibi olub.

tamberi - Futbolinfo.az

Daha bir maraqlı mübarizə 100 və 200 metr məsafələrə qaçışdır. Sprint yarışlarında favorit amerikalı Noa Laysdır. İddiası yüksək olan idmançı Useyn Boltun rekordunu qırmağa çalışır. Həqiqətən də o, 200 metr məsafədə yamaykalının nəticəsinə yaxınlaşıb. Hazırda Laysın göstəricisi Boltdan cəmi 0,12 saniyə geri qalır.

na lays - Futbolinfo.az

İLQAR AĞAYEV

Shares: