“Bilirdik ki, ağır oyun olacaq. Gəncə səfəri hamı üçün çətin keçir”. Bunu futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”un qapıçısı Aydın Bayramov deyib.

O, Misli Premyer Liqasının 3-cü turunda “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəldikləri matçdan danışıb: “Həm hava çox isti idi. Futbolçular meydanda əziyyət çəkirdi. Amma sevinirəm ki, bütün bunlara baxmayaraq 3 xalı qazanıb azarkeşlərimizi sevindirdik. İlk 3 oyunda 2 qalibiyyət əldə etmişik. Mümkün qədər yuxarı pillələrdə qərarlaşmağa, çempionatda qalmağa çalışacağıq”.

Bayramov özünü yeni klubunda yaxşı hiss etdiyini də sözlərinə əlavə edib: “Burada çox gözəl ailə atmosfer var. Hamı bir-birinə dayaqdır. Ona görə də təzə gələn futbolçu üçün adaptasiya problemi olmur”.

Əyalət klubunun qapıçısı bu mövsümün gərgin keçəcəyini düşünür: “İlk turlar bunu deməyə məcbur edir ki, bizi çətin mövsüm gözləyir. Bütün klublar güclənib. Asanlıqla qələbə qazanmaq olmayacaq. Ən ağır mövsümlərdən biri keçəcək. Hər pillə uğrunda mübarizə olacaq”.

Çərçivə qoruyucusu növbəti turda “Səbail”ə qarşı keçirəcəkləri oyundan da söz açıb: “Artıq həmin matça köklənmişik. Çox ağır qarşılaşma keçəcək. Bu mövsüm doğma azarkeşlərimiz önündə ilk matçımız olacaq. Çalışacağıq ki, onıarı sevindirək”.

Shares: