Misli Premyer Liqasında yeni mövsüm maraqlı başlayıb. İlk turlar yarışın gərgin keçəcəyini göstərir.
Amma indiki turnir cədvəli heç də komandaların əsl gücünün mənzərəsi deyil. Potensial baxımından fərqli durumlardır. Sadəcə, fürsətdən yararlananlar, rəqibləri özünə gələnədək yuxarı pillələrdə yer alanlar ən azı mövsümün ilk yarısında rahat nəfəs alacaq. Kim ki, vəziyyəti düzgün dəyərləndirib uğurun davamını gətirsə, yekunda o da sevinəcək.
Prinsipcə, əksər komandalar heyətinə ciddi şəkildə əl gəzdirib. Amma heyəti daha tez komplektləşdirənlər, uyğunlaşma prosesini vaxtında keçənlər uğur qazanacaq. Potensialı olan, amma startda uğursuzluq yaşayan komandalar stressə düşməsə, qarşıdakı turlarda daşlar yavaş-yavaş yerinə oturacaq.
“Zirə”nin zirvədə olması təsadüfi deyil. Rəşad Sadıqov ötən mövsümlərdən düzgün nəticə çıxarıb. Həm komandanın yeni transferləri uğurludur, həm də əvvəlki heyətin özəyi qorunub. Belədə hazılrlığa tez başlayan komandada uyğunlaşma prosesi tez başa çatıb. Qəsəbə təmsilçisinin ilk üç turda cəmi bir buraxması, rəqiblərinə ümumiyyətlə qol vəziyyəti verməməsi önəmli məqamdır. Komanda hücumda rəngarəngliyi bir az da artıra bilsə, avrokuboklara vəsiqə uğrunda mübarizədə önəmli üstünlük qazanacaq.
“Sumqayıt” da maksimum nəticə göstərən komandalardandır. Keçirdiyi hər iki səfər oyununda qalib gələn “kimyaçılar” məhsuldar oyunu ilə seçilir. Lakin Samir Abasovun yetirmələrinin bu tempi uzun müddət qoruması mümkün deyil. Heyət yetərsizdir, layiqli əvəzedicilər yoxdur. Cinah müdafiəçilərindən hansısa sıradan çıxsa, komanda ciddi problem yaşayacaq.
Xalsız olan yeganə komandanın – “Qəbələ”nin vəziyyəti qorxuncdur. Yenilənən heyət ümidləri doğrultmur. Komandada psixoloji təzyiq də hiss olunur. Düzdür, “Sumqayıt”la matçın ikinci hissəsində komanda özünə gəldi, lakin bu, xal qazanmağa kifayət etmədi. Qarşıdakı turlarda dönüş etmək mükün olmasa, Elmar Baxşıyevin yetirmələrinin daha böyük problemləri başlayacaq.
Komanda çox asan qollar buraxır. Ruan Renatonun yeri doldurulmayıb, qağıçı Kristof Atanqananın səviyyəsi də şübhəlidir. Lakin hər şey hücumdakı problemlərdən başlayır. Liderlərinin əksəryyətini itirən “Qəbələ” onlara layiqli əvəzedicilər tapmayıb.
“Səbail” rəhbərliyinin səbri də yavaş-yavaş tükənir. Heyətin gücləndirilməsi üçün yaradılan şəraitdən idarəedicilər düzgün yararlanmayıb. Hər halda, nəticələr göstərir ki, yeni transferlərin heç də hamısı ümidi doğrultmur. Xüsusilə müdafiənin mərkəzinə düzgün seçimlər etməyib, komanda çox rahat qollar buraxır. Düzdür, heyət tam yeniləndiyindən oyun dəst-xəttinin formalaşması üçün müəyyən qədər zaman lazımdır. Amma 9 mümkün xaldan cəmi birinin əldə edilməsi, rəqiblərin çox irəli qaçması iddialara ciddi zərbə vurur. “Dənizçilər” tezliklə toparlanmasa, komanda daxilində xaosun yaranması qaçılmazdır. Bunun fəsadları isə acı olacaq.
Mövsüm yeni başlayıb, indidən kimisə təbrik etmək və ya kimisə siyahıdan silmək olmaz. İlkin fikir bildirmək üçün ən azı bir dövrənin bitməsini gözləməliyik. Məşqçilərin təcrübəsi, rəhbərliyin kritik anlarda verəcəyi qərarlar da önəmlidir.
AĞA