Budapeştdə atletika üzrə dünya çempionatının ilk günü geridə qalıb. Ölkəmizi təmsil edən Aleksis Kopelyo 3 təkanla tullanmada uğursuz çıxış edib. Bu növdə təsnifat mərhələsində heç bir nəticə göstərməyən atletimiz finala keçə bilməyib.
Turnirdə iştirak edən 37 nəfərdən 12-si finala adlayıb. Kopelyo 37 nəfər arasında nəticə göstərməyən 6 idmançıdan biri olub.
Günün ən drammatik hadisəsi 400 metr məsafəyə qarışıq estafet yarışının son metrlərində baş verib. Niderland və ABŞ arasında gedən gərgin mübarizənin sonlarında Femke Bol büdrəyüb. Nəticədə qızıl medal ABŞ komandasına qismət olub. Xatırladaq ki, Niderland komandası yarışın əsas favoriti idi.
10 min metr məsafəyə qadınların yarışında fəxri kürsünün bütün pillələri Efiopiya idmançılarına qismət olub. Kürəatmada isə kişilər arasında ABŞ-li Rayan Krauzer 23.51-lik nəticəylə dünya çempionluğunu qazanıb.
Bu gün dünya çempionatında əsas diqqət 100 metr məsafəyə qaçışın yarımfinal və finalı olacaq. Dünyanın ən sürətli adamı Bakı vaxtilə 21:10-da müəyyənləşməlidir.