“Sabah”ın mərakeşli müdafiəçisi Sofian Çaklanın Futbolinfo.az saytına müsahibəsi

– Konfrans Liqasında “Partizan”la cavab oyununun şokunu üzərinizdən ata bilmisiniz?

– Çətin oyun oldu. Hər birimiz mərhələ keçmək istəyərdik, təəssüf ki, alınmadı. Keçmişlə yaşaya bilmərik. Bu gün və gələcək barədə düşünməliyik. Bu oyunlar geridə qaldı. Artıq növbəti matçlara köklənmişik.

– Avrokuboklardakı parlaq startdan sonra əksəriyyət sizi qrup mərhələsində görürdü. “Partizan”la görüşdə 2:0 hesablı üstünlüyü qoruya bilməməyinizi nə ilə əlaqələndirərdiniz?

– Sadəcə, komanda olaraq istədiyimizi meydanda reallaşdıra bilmədik.

– Premyer Liqada əsas rəqiblərinizdən olan “Neftçi” ilə heç-heçə etdiniz. Sizcə, 1:1 ədalətli nəticə idi?

– Fikrimcə, qalib gəlməli idik. Yaxşı imkanlarımız olsa da, dəyərləndirə bilmədik. Rəqib isə əldə etdiyi fürsətdən lazımınca yararlandı və bu oyundan xalla ayrılmağı bacardı.

– Ötən mövsüm ikinci yeri tutan “Sabah” bu dəfə çempionluğa əsas namizədlərdəndir. Bu heyəti “Qarabağ” və “Neftçi” ilə titul uğrunda rəqabətə hazır saymaq olar?

– Biz yalnız hər növbəti oyunumuz barədə düşünürük. Oyundan-oyuna daha yaxşı olmağa, özümüzü bir az da inkişaf etdirməyə çalışırıq.

– Növbəti turda ardıcıl 3 qələbə qazanan “Zirə”nin qonağı olacaqsınız. “Zirə”nin uğurlu seriyasına son qoyan komanda “Sabah” ola biləcək?

– Rəqib cari mövsümdə keçirdiyi bütün oyunlardan qələbə ilə ayrılıb. Bu da bizi çətin oyunun gözlədiyindən xəbər verir. Əlimizdən gələni edəcəyik ki, bu matçdan 3 xalla ayrılaq.

– Azərbaycan çempionatında oynamaqla yenidən Mərakeş yığmasına çağırılmaq şansınızı necə qiymətləndirirsiniz?

– Hazırda bu barədə düşünmürəm. İndi yalnız “Sabah” və Bakıda olan ailəm barədə düşünürəm. Millidə oynamaq hər bir futbolçu üçün fəxrdir. Əgər dəvət alsam, öz ölkəm üçün daim mübarizə aparmağa hazıram.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp