Artıq bu həftə basketbol üzrə ilin əsas hadisələrindən biri olan dünya çempionatına start verilir. 16 gün ərzində tamaşaçılar gənc ABŞ yığmasını, Avropanın MBA-da çıxış edən ulduzlarını və gələn il Parisdə keçiriləcək olimpiadaya vəsiqə uğrunda mübarizə aparacaq komandaları izləyəcəklər.

Dünya çempionatı başlamazdan əvvəl bəzi vacib məqamlar oxucular üçün maraq doğurur. Məhz bu səbəbdən də biz onlara toxunmağa çalışdıq.

Dünya çempionatı bu dəfə eyni anda üç Asiya dövlətində təşkil edilir: Filippin, Yaponiya və İndoneziya. Basketbol tarixində ilk dəfədir ki, üç ölkədə dünya çempionatı keçirilir. Çoxları üçün bu ölkələr basketboldan uzaq görünə bilər. Ancaq əslində belə deyil.

Xüsusilə də Filippinin necə basketbol ölkəsi olduğunu söyləməyə ehtiyac yoxdur. ABŞ tərəfindən İspaniyanın əlindən alındıqdan sonra basketbol da bu ölkəyə gətirilmiş və əhalinin ən çox sevdiyi idman növünə çevrilmişdir. Filippin liqası hazırda dünyada yaşına görə 2-ci peşəkar liqadır. Bu göstəriciyə görə o, yalnız MBA-dan geri qalır. Çempionat 1975-ci ildən etibarən peşəkar statusa malikdir.

fa2de397 efdb 47c5 b04b 0c2861116d62 - Futbolinfo.az

Bu gün Filippinin hər bir yerində basketbol səbəti görmək olar. Dünyada belə bir mənzərəyə maksimum 2-3 ölkədə rast gəlinir.

Format

Turnir iki qrup mərhələsindən ibarətdir. İlk mərhələdə mübarizə səkkiz qrupda gedəcək:

Onların hər birində iki ən yaxşı komanda növbəti raunda vəsiqə qazanaraq daha dörd qrup təşkil edəcək: I, J, K və L. Burada isə ilk 2 yeri tutan komandalar turnirin 1/4 finalına çıxacaq.

Birinci mərhələdə üçüncü və ya dördüncü yeri tutan komandalar da mübarizəni davam etdirəcək. Lakin onlar M, N, O və P qruplarında 17-dən 32-yə kimi yerləri müəyyənləşdirəcək.

Turnir eyni vaxtda üç ölkədə keçirildiyindən onların hər biri bir neçə qrupa ev sahibliyi edəcək. A, B, C, D, I, M, J və N qruplarının komandaları Maniladakı iki fərqli stadionda oynayacaq. Okinava E, F, K və O kvartetlərini, Cakarta isə G, H, L və P qruplarınının oyunlarını qəbul edəcək.

33d0f4de 98f7 4abf 96cd 123939f8bfc7 - Futbolinfo.az

Pley-off oyunları da Manilada keçiriləcək. Onlar arasındakı intervallarda 1/4 finalda məğlub olanlar beşincidən səkkizinciyə qədər olan yerlərin taleyini öz aralarında həll edəcək.

Birinci qrup mərhələsinə cümə günü, avqustun 25-də start verilir. Turniri eyni vaxtda (Bakı vaxtı ilə 12:00) başlayacaq iki qarşılaşma açacaq: Finlandiya – Avstraliya və İtaliya – Anqola.

İkinci mərhələnin oyunları avqustun 31-dən sentyabrın 3-dək, pley-off mərhələsi isə sentyabrın 5-dən 10-dək keçiriləcək. Ümumilikdə, komandalar turnirdə 92 oyun keçirəcək. Final qarşılaşması sentyabrın 10-da, Bakı vaxtı ilə saat 16:40-da başlayacaq.

654db9ba 326f 43e3 be35 9e8a8d34d79a 1 - Futbolinfo.az

Gələn il Parisdə keçiriləcək Yay Olimpiya oyunlarının başlanmasına bir il vaxt qalır. Basketbol komandaları üçün qarşıdan gələn dünya çempionatı olimpiadanın əsas seçmə mərhələsinə çevriləcək. Hər regiondan (Avropa, Amerika, Afrika, Asiya və Okeaniya) ilk iki yeri tutan komandalar gələn yay ev sahibi Fransaya qoşulacaq.

Məşhurlar

Çox sayda məşhur oyunçu bu il dünya çempionatını buraxacaq: Yunanıstan komandasında Yannis Antetokumpo, Serbiyada Nikola Yokiç, Fransada Viktor Vembanyama, Litvada isə Domantas Sabonis olmayacaq. Amma buna rəğmən turnirdə çoxlu sayda ulduz basketbolçu iştirak edəcək.

Favoritlərə gəldikdə, əlbəttə ki, ilk növbədə ABŞ komandasının adını çəkməliyik. Heyəti mükəmməl görünməsə də, digərləri ilə müqayisədə yenə də üstündür. Komandada “Minnesota”nın ulduzu Entoni Edvards, keçən mövsümün ən yaxşı müdafiəçisi Caren Cekson Jr., ilin ən yaxşı gənc oyunçusu Paolo Bankero və başqaları olacaq.

Digər komandalara gəlincə, təbii ki, Sloveniya və Fransanı qeyd etmək lazımdır. Onların arasında “Dallas Maveriks”in superulduzu Luka Donçiç və “Minnesota Timbervuls”un liderlərindən Rudi Gobert var. Son Avropa çempionatında bu komandaların nəyə qadir olduqları aydın oldu. Fransa millisinin lideri Qobert gümüş medal qazanmaqla yanaşı rəmzi beşliyə də daxil oldu, Donçiç isə Fransa ilə qarşılaşmada 47 xal toplamaqla rekord göstəriciyə imza atdı.

download 1 - Futbolinfo.az

Lideri Şey Qilqes-Aleksandr olacaq Kanada yığmasını da qeyd etməmək mümkün deyil. Ötən mövsüm o, MBA-da hər oyuna orta hesabla 31,4 xal toplayıb və nəticələrinə görə liqanın ilk beşliyinə daxil edilib.

Avstraliya milli komandasının tərkibində MBA-dan 10 basketbolçu var: Xavyer Kuks (Vaşinqton), Deyson Daniels (Nyu-Orlean), Coş Qrin, Dante Exum (hər ikisi Dallas), Coş Giddi, Patti Mills, Cek Vayt (hamısı Oklahoma), Co İnqles (Orlando), Cok Landeyl (Hyuston) və Matisse Tibull (Portlend).

Digər diqqət yetiriləsi basketbolçular isə bunlardır: Lauri Markkanen (Yuta Caz) – Finlandiya, Nikola Vuçeviç (Çikaqo Buls) – Monteneqro, Yuta Vatanabe (Finiks Sans) – Yaponiya, Cordan Klarkson (Yuta Caz) – Filippin, Franz və Mo Vaqner (hər ikisi Orlando Mecik) – Almaniya.

FIBA-nın rəsmi reytinqinə əsasən, ən yaxşı 12 komanda aşağıdakı kimidir:

ABŞ

Fransa

Avstraliya

Sloveniya

Almaniya

İspaniya

Kanada

İtaliya

Serbiya

Dominikan Respublikası

Finlandiya

Litva.

İLQAR AĞAYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp