Amerikalı Con İsner ABŞ Açıq çempionatından sonra karyerasını yekunlaşdıracağını bəyan edib.

“17 ildən sonra peşəkar tennislə vidalaşmağın vaxtıdır. Bunu reallaşdırmaq asan olmayacaq, amma ailəmlə daha çox vaxt keçirməyin dəyəri daha yüksəkdir. “US Open” mənim sonuncu turnirim olacaq. Son döyüşün vaxtıdır”, deyə – İsner tvitter hesabında yazıb.

38 yaşlı İsner 2007-ci ildən peşəkar tennisçidir. Karyerası ərzində o, 16 titul qazanıb. “Böyük dəbilqə” seriyalı yarışlarda ən yüksək göstəricisi 2018-ci ildə “Uimbldon” yarımfinalı olub. Həmin il o, bir müddət dünyanın səkkizinci raketkasi ünvanını da daşıyıb.

Əlavə edək ki, İsner “Ginnesin rekordlar kitabı”na düşüb. 2010-cu ildə “Uimbldon” turnirinin ilk mərhələsində Nikolya Mayu ilə görüşü 11 saat 5 dəqiqə davam edib. Bu da tennis tarixinin ən uzunmüddətli qarşılaşmasıdır. Oyun bazar ertəsi başlayaraq iki dəfə qaranlıq düşdüyünə görə ertələnmiş və çərşənbə günü başa çatmışdı. Həmin oyunda İsner qalib gəlmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp