Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında boksçuların mübarizəsinə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan milli komandası yarışı 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.
Bu gün baş tutan finalda Nicat Hüseynov (54 kq) rusiyalı Roman Osipovla döyüşüb. O, rəqibini məğlub edərək çempion tituluna yiyələnib.
Marjona Savriyeva (50 kq), Tural Sarıyev (51 kq) və Fərhad Şeydayev (75 kq) həlledici görüşdə məğlub olduqlarından gümüş medal qazanıblar.
Beləliklə, yığma Beynəlxalq Universitet İdman Festivalını 7 medalla bitirib. Daha öncə Mehparə Məmmədova (48 kq), Zeynəb Rəhimova (54 kq) və Şəmsi Şahbazov (71 kq) bürünc mükafata sahib olub.
Qeyd edək ki, avqustun 31-də başa çatacaq Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.