“İdman TV”-nin sayəsində böyük əksəriyyət “Qarabağ”ın Sloveniyadakı oyununu izləyə bilmədi. Matça tam şəkildə baxan biri kimi deyə bilərəm ki, ağdamlılar xüsusilə birinci hissədə cari avrokubok mövsümündəki ən yaxşı qarşılaşmalarından birini keçirdi.
Oyuna inamla nəzarət edən Qurban Qurbanovun yetirmələri rəngarəng hücumlarla rəqibə göz açmağa imkan vermədi. Topa sahib olan qonaqlar biri hesaba alınmayan üç qol vurdu və bəlkə də cütün taleyini elə Lyublyanada həll etdi. “Olimpiya”nın fasilədən sonrakı fəallığı sadəcə, təmsilçimizin hesabdan yaranan arxayınlığı ilə bağlı idi. “Qarabağ” inamla müdafiə olunub əla əks-hücumlarla rəqibi ehtiyatlanmağa, tam qüvvəylə hücuma keçməməyə məcbur etdi.
“Qarabağ” Avropa Liqasının qrupuna vəsiqəni böyük ölçüdə həll edib. Pley-offun ilk matçında səfərdə qazanılan 2:0 hesablı qələbə təsadüfi nəticə deyil. İndi evdə intizamlı oynayaraq hədəfə çatmaq lazımdır. “Olimpiya” ilə 2018-ci ildəki qarşılaşmada da səfərdə qol buraxmadan (1:0) qalib gələn “Qarabağ” evdə 0:0-a nail olmuşdu. İndi hesab daha sərfəli, “Qarabağ” daha güclü, rəqib həmin dövrlə müqayisədə nisbətən zəifdir.
Təbii ki, hesaba arxayın olub cavab matçına barmaqarası baxmaq olmaz. “Olimpiya” Bakıda ilk qolu vursa, vəziyyət gərginləşə bilər. Düzdür, “Qarabağ”ın hətta belə vəziyyətdə də gedişatı dəyişməyə gücü çatar. Lakin bu, əlavə güc itkisinə səbəb olar. Qurbanov isə belə məqamlarda maksimum diqqətlidir.
“Qarabağ” Sloveniyada bu mövsümkü ən yaxşı oyunlarından birini keçirdi. Amma yenə də komandada sanki nəsə çatmır. Xüsusilə hücum bölgəsində oyunçuların uyğunlaşması yekunlaşmayıb. Yenilər tam formaya düşəndən sonra çempionun daha güclü olacağına, qrupda daha yaxşı təsir bağışlayacağına ümid etmək olar.
Xüsusilə Mateus Silvanın oyunu qeyd edilməlidir. “Qarabağ”ın yeni transferi meydanda qısa müddət olsa da, sol cinaha canlanma gətirəcəyini göstərdi. Onun formada olması, Bolqarıstandan hazır gəlməsi ağdamlıların işinə yarayacaq.
“İdman TV” qanımızı qaraltsa da, bizi pley-off oyununu internet vasitəsi ilə izləməyə məcbur etsə də, “Qarabağ” hər şeyi unutdurdu. Lakin cavabdeh şəxslərin unutmaması lazımdır. Belə qüsurlar xüsuslə dövlət kanalında təkrarlanmamalıdır.
FƏRİD