“İdman TV” azarkeşlərin əsəbi ilə oynadı. Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu efirə gətirə bilməmək böyük qüsur idi. Azarkeşlərin əsəbi ilə oynamaqla telekanal öz imicinə də zərbə vurdu.
Vəziyyətin ciddiliyinə görə idi ki, “Qarabağ” hələ ilk hissənin gedişində açıqlama yaymağa məcbur oldu. Ağdamlılar “Olimpiya” ilə qarşılaşmanın canlı yayımlanmamasına görə məuliyyəti üzərindən atdı, məsuliyyətin “İdman TV”-nin üzərində olduğunu bildirdi. Az sonra telekanal da bunu təsdiqləyən açıqlama yaydı və günahı boynuna götürdü.
Səbəb açıqlanmır, Sloveniyadan yayımın reallamaması texniki problemlərlə əlaqələndirilir. Halbuki texniki problemin də konkret nə olduğu bildirilməlidir. Siqnalın ötürülməsi ilə bağlı çətinlik ola bilməz. Fün ərzində onlarla oyun baş tutdu və heç birində eyni problem aşkalanmadı. “CBC Sport”un yayınlarında da belə ciddi qüsurlarla rastlaşmamışıq. Deməli, səbəb “İdman TV”-nin özündədir.
Bu kanal dövlət maliyyəsi ilə ayaq üstədir və heç vaxt qayğıdan məhrum olmayıb. Pulun israf olunduğunu iddia etmirik, amma mütləq haradasa boşluq buraxılıb, texniki imkanlar gücləndirilməyib ki, belə hadisələrə şahidlik edirik. Çünki 3-cü təsnifat mərhələsində Finlandiyadan yayım da qüsurlarla başlamışdı. Bundan başqa “İdman TV” İngiltərə Premyer Liqasının yayım hüququnu əldə etsə də, bugünədək matçları efirə gətirə bilməyib. “Olimpiya” ilə oyun isə 71-ci dəqiqədən nümayiş etdirildi.
Qısa müddətdə ardıcıl üç nöqsan! Bütün bunlar kompleks problemin nəticəsi olmalıdır. Yoxsa ki, dövlət kanalının hansısa kadr, mütəxəssis problemi yaşadığına inanmırıq. Çox güman, sırf texniki məsələrdə həllini gözləyən çatışmazlıqlar var.
Səbəbini telekanal rəhbərliyi açıqlamalıdır, qüsurların aradan qaldırılması üçün iş görülməlidir. Əks halda, sarsılan təkcə imic olmayacaq.
AĞA