Sloveniyanın “Olimpiya” komandasının baş məşqçisi Joao Enrikes “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis uduzmalarına baxmayaraq, bərabər səviyyədə mübarizə alındığını düşünür:
“Məyusuq, amma vəziyyəti bərabərləşdirməyə özümüzü inandırmışıq. Oyundan əvvəl dedik ki, fərdi və kollektiv keyfiyyətə malik kompakt komandaya qarşı oynayacağıq. Bunu matçda da gördük, amma detallar həlledici idi. Böyük şans qazanan ilk biz olduq. Bu səviyyədə səhvlər cəzalandırılır. Statistikalar bərabərdir, yeganə fərq nəticədir. Təcrübə çox yaxşı idi, amma hələ bitməyib”.
Enrikes matçın bolqarıstanlı baş hakimi Georgi Kabakovdan narazı qalıb: “Hakimliklə bağlı bəxtimiz gətirmədi. Ədalətli deyildi, bizə vərəqələr verirdi, qonaqlarla qarşı daha ehtiyatlı davranırdı. Amma bu belədir, Avropada görkəmli komandalar daha çox qorunur. Bu da normaldır”.
“Qarabağ”la “Olimpiya” arasında cavab oyunu avqustun 31-də Bakıda keçiriləcək.