Azərbaycanın qadınlardan ibarət voleybol millisi Avropa çempionatını 17-ci pillədə başa vurub.

Futbolinfo.az xəbər verir ki, komanda yarışın qrup mərhələsində uğursuz çıxış etməklə mübarizəni dayandırıb.

Ataman Güneyligilin yetirmələri Çexiya (3:0), Almaniya (1:3), Türkiyə (0:3), Yunanıstan (3:2) və İsveç (1:3) ilə qarşılaşmaların yekununa əsasən, C qrupunu 5 xalla 5-ci pillədə başa vurublar. 1/8 finala isə hər qrupda ilk 4 yeri tutan komandalar (ümumilikdə 16) yüksəlib.

Azərbaycan millisi Avropa çempionatının digər uğursuzları – Bosniya və Herseqovina, Xorvatiya, Sloveniya, Macarıstan, Yunanıstan, Finlandiya və Estoniya yığmalarını qabaqlayıb. Təmsilçimiz 2 il öncə keçirilən analoji turnirdə 24 komanda arasında sonuncu olmuşdu.

Avropa çempionatının oyunları Belçika, Almaniya, İtaliya və Estoniyada keçirilir. Yarışa sentyabrın 3-də baş tutacaq final görüşü ilə yekun vurulacaq.

Yeri gəlmişkən, voleybol millimiz dünya və Avropa reytinqində irəliləyib. Buna yığmanın qitə çempionatında reytinqdə özündən irəlidə olan kollektivlərə qalib gəlməsi səbəb olub. Millimiz dünya reytinqində 5 pillə irəliləyərək 38-ci yerdən 33-cü yerə, Avropa reytinqində isə 3 pillə irəliləyərək 23-cü pillədən 20-ci pilləyə yüksəlib.

Shares: