“Sumqayıt”ın da qələbə yürüşü bitdi. İndi Misli Premyer Liqasında xal itirməyən yeganə komanda “Zirə”dir.

“Kimyaçılar” xal itirsə də, məğlubiyyət görməyən 3 komandadan biridir. Digər ikisi isə bu gün üz-üzə gələcək. Deməli, siyahının azalması ehtimalı var.

Təbii ki, ilk iki turdakı qələbələrə baxmayaraq, “Sumqayıt”ın uzun müddət itkisiz irəliləməyinin mümkün olmadığı aydın idi. Samir Abasovun yetirmələrinin bəlli potensialı var və onlar hətta rəqiblərinin uğursuz startından istifadə edərək öz boylarından hündürə tullanıblar.

Dünən “Araz-Naxçıvan”la matçda hesabı açmaları da sumqayıtlılar üçün şansın davam etməsi demək idi. Meydan sahibləri epizod vermədikləri rəqiblə oyunda ilk səhvdəcə penalti ilə cəzalandırıldı və hesab açıldı. Lakin qonaqlar bundan artığını bacarmadı, əvəzində muxtar respublika təmsilçisi bərabərlik qolunu vurdu.

İnsaf naminə, “Sumqayıt” rəqiblə müqayisədə daha düşünülmüş futbol oynayırdı. Komandada məşqçi işi aşkar görünürdü. Amma ifaçılar arasındakı səviyyə fərqi qələbə hesabını qorumağa imkan vermədi. Naxçıvanlılar əvəzetmələrlə oyununu daha da gücləndirdi, “kimyaçılar”ın cinah oyunçularının yorğunluğundan maksimum yararlandı. Haldan düşmüş qanadlar əvvəlkitək fəal olmayınca “Sumqayıt” hesabı qorumaq üçün geri “oturmağa” məcbur oldu.

“Araz-Naxçıvan” 4 oyuna 4 xal toplayıb. Bəlkə də debütant üçün yaxşı nəticədir, amma heyətin zənginliyini, bahalılığını nəzərə alsaq, Azər Bağırovun yetirmələri daha çoxuna nail olmalıydı. Hazırlığa gec başlamağın, transferlərin yubanmasının fəsadı məhz nəticələrdə özünü göstərir. Lakin toparlanacağı halda komandanın potensialı heç də pis deyil.

Potensialını göstərməyi bacaran isə “Zirə”dir. Qəsəbə təmsilçisi bu gün də qələbə qazana bilsə, ən azı uduzmasa, mövsümün sürpriz iddialısınaa çevrilməyə davam edəcək. Uğurlu start “qartallar”ın bundan sonrakı çıxışına müsbət təsir etməlidir.

FƏRİD

Shares: