Fikri “Olimpiya” ilə oyunda olan “Qarabağ” növbəti dəfə büdrədi. Görünən odur ki, ağdamlılar çempionat matçlarını ötən mövsümlərdə olduğu kimi ikinci heyətlə yola verə bilməyəcək. Həm rəqiblər güclənib, həm də çempion özü heyətlə bağlı çətinliklərlə üz-üzədir. Zədəlilər bir yana, yeni transferlər də ümidləri tam doğrultmur.

Lakin mövsümün ən zəif komandası kimi görünən “Kəpəz”i yenmək çətinlik yaratmamalıydı. “Qarabağ”ın hesabı erkən açması da növbəti qələbənin xəbərçisi idi. Lakin ya yorğunluqdan, ya da arxayınlıqdan meydan sahibləri o qədər zəif çıxış etdi ki, gəncəlilər rəqibinə meydan oxudu. Son dəqiqələrdə vurulan qol da ardıcıl, məntiqli hücumların nəticəsi idi. Azər Məmmədovun yetirmələri layiq olduğu xalı qazandı.

Ümumiyyətlə, çempionat əla başlayıb, maraqlı keçir. Gözlənilməz nəticələrin yekunda kimləri üzəcəyini, kimləri sevindirəcəyini görəcəyik. Hələliksə hamı xal qazanmaq bacarığını göstərir. Azər Məmmədov hər nə qədər özü “Qarabağ”dan xal alacaqlarına inanmadığını desə də, onun yetirmələri evdə “Neftçi”ni məğlub etməklə ilk sürprizə imza atmışdı. “Qarabağ”la səfər oyunundan aparılan xal isə futbolçulara bir az da inam verəcək.

Bəlkə də təsadüfi nəticədir, lakin reallıqdır. “Kəpəz” topladığı xala görə 6-cı pilləyə şərikdir və heyəti komplektləşməyən, bir çox problemi olan komanda üçün belə start pis sayıla bilməz. Xalın çempiondan səfərdə, həm də bir neçə önəmli oyunçu olmadan alınması xüsusi qeyd edilməlidir.

“Qarabağ” avrokubok oyunları üzündən çempionata barmaqarası yanaşsa da, hələ də əsas rəqiblər olan “Sabah”la “Neftçi”dən öndədir. Lakin dünən itirilən iki xal məhz həmin iddialıları bir az da cəsarətləndirəcək. Ağdamlılar “Olimpiya” ilə cavab oyunundan sonra mütləq çempionata diqqəti artırmalıdır. Əks halda mübarizə daha kəskin xarakter alacaq, bir neçə cəbhədə döyüşmək növbəti büdrəmələrə səbəb olacaq.

Onu da unutmayaq ki, “Qarabağ” bu mövsüm keçirdiyi 4 qarşılaşmanın hamısında meydan sahibi olub – “Zirə”yə uduzub, “Araz-Naxçıvan”ı son dəqiqə qolu ilə yenib, “Kəpəz”i məğlub etməyi bacarmayıb və yalnız “Turan Tovuz”u rahat keçib. 4 ev oyununda qazanılan 7 xalı qənaətbəxş saymaq olmaz.

“Sabah”ın ümuumiyyətlə, xalsız qaldığı turda heç-heçə “Qarabağ” üçün bəlkəə də pis nəticə saylmaya bilər. Amma “Neftçi”nin mövsümdəki ilk qələbə sayəsində birbaşa 5-ci pilləyə yüksəlməsi də qeyd edilməlidir. Bakılılar əsas rəqiblərinn büdrədyi həftədə vəziyyətini düzəltməyi bacardı. Baxmayaraq ki, “Qəbələ” ilə görüşdə sərgilənən oyun ideal deyildi, yalnız rəqibin biabırçı startının davam etməsi üzündən qələbə reallaşdı.

“Neftçi”nin normal hazırlıq keçmədiyini nəzərə alsaq, indi sərgilədiyi oyun gözləniləndir. Transferlər yubandı, yay hazırlıq dövrü xaotik alındı. Komanda milli komandaların oyunlarına görə yaranacaq fasilə zamanı toparlanmaq imkanı əldə edəcək. Ona görə də Adrian Mutunun işinə qiymət verməyə tələsməyək. Ancaq o dəqiqdir ki, komandada məşqçi işi görünmür, bahalı transferlərin fərdi ustalığından qaynaqlanan işartılar gözə dəyir.

“Qəbələ” də mövsümə hazır deyil. Həm heyət yetərsizdir, həm də transferlər vaxtında edilmədiyindən komplektləşmə başa çatmayıb, oyunçuların funkisonal hazırlığı qaydasında görünmür. Təsadüfi deyil, dünənki matçda “Neftçi”nin gənc qapıçısı təcrübəsizlik üzündən səhv edib meydandan qovuldu, lakin qonaqlar say çoxluğunu dəyərləndirə bilmədi, əksinə, ikinci qolu buraxdılar.

Bəlkə də turlar keçdikcə komanda toparlanacaq, lakin heyətin gücləndirilmədiyi, yetərli futbolçu sayının təmin edilmədiyi göz önündədir. Və uğursuz nəticələrdə günahkar Elmar Baxşıyev deyil. Klub rəhbərliyi baş məşqçiyə kifayət qədər şərait yaratmayıb.

“Qəbələ” dünən məğlub olduğu “Neftçi” üzərində qələbə ilə ölkə kubokunu qazandığı gündən bəri keçirdiyi 6 matçın hamısında uduzub. Avrokubokda 2, çempionatda 4 məğlubiyyət, 6 oyuna buraxılan 18 qol – “Qəbələ” tarixi ərzində bu qədər bərbad olmamışdı. Və bütün bunlar Baxşıyevin yox, futbolçuları incidən, klubdaxili ab-havanı korlayan, ötənilki heyəti dağıdan, onların layiqincə əvəzlənməsini təmin etməyən klub idarəçisi Nail Kərimovun günahıdır. Komanda I Liqaya düşəcəksə, vicdanı sızlamalı olan şəxs indidən bəllidir.

FƏRİD

Shares: