“Zirə” uğurlu başlayan mövsümü eyni qaydada davam etdirmək üçün motivasiyalıdır. Qəsəbə təmsilçisində bütün diqqətlər çempionata yönəlib.
Təsadüfi deyil, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov hər oyuna xüsusi diqqət ayırır. Onun dünən “Neftçi” – “Qəbələ” matçında görünməsi də bununla bağlı idi. Gənc mütəxəssis növbəti tur qonağı olacaqları bölgə təmsilçisini canlı izləmək fürsətini qaçırmamışdı. Yəqin ki, o, 7-ci turda üz-üzə gələcəkləri “Neftçi”yə göz qoymağı da unutmadı.
Maraqlıdır ki, növbəti turda üz-üzə gələcək “Qəbələ” ilə “Zirə” fərqli durumlardadır. Ötən mövsüm avrokuboklara son vəsiqə üçün mübarizə aparan cütlük indi turnir cədvəlində əks qütblərdədir. Bölgə təmsilçisi 4 oyuna 0 xalla sonuncu, paytaxt klubu maksimum nəticə ilə zirvədədir.