Atletika üzrə dünya çempionatına yekun vuruldu. Turnirə ümumi nəzər saldıqda qeyri-adi bir şeyin olduğunu görmərik.

ABŞ bu idman növündə hegemonluğunu davam etdirir. Amerikalılar çempionatı 12 qızıl, 8 gümüş və 9 bürünc medal qazanmaqla ilk sırada bitirdilər. İkinci yer Kanada, üçüncü isə pillə İspaniyaya qismət oldu.

Ayrı-ayrılıqda növlərə baxdıqda da sensasiya tapmaq olmur. Atletikanın ulduzları öz növlərində yenə yüksək səviyyələrini nümayiş etdirdilər.

Çempionatın ulduzu heç şübhəsiz Noa Laylz sayıla bilər. Amerikalı sprinter həm 100, həm də 200 metr məsafəyə qaçışı qazanaraq qızıl dubl etdi. Estafetdə də çempion olmaqla qızıl medallarının sayını üçə çatdırdı. İspaniyalı Alvaro Martin kişilərdə, Mariya Peres isə qadınlarda həm 20, həm də 35 km məsafəyə idman yerişində çempion olmaqla unikal göstəriciyə imza atdılar.

Rusiyanın yarışda yoxluğu hiss edilmədi. Onsuz da bu ölkə atletikada güclü idmançıya malik deyil. İştirak etsəydilər belə ən yaxşı halda final mərhələlərinə yüksəlməklə kifayətlənəcəkdilər. Keçmiş SSRİ məkanında atletika çox geri qalıb. Bu zonadan yalnız ukraynalı Yaroslava Moquçıx qızıl qazana bildi.

Azərbaycana gəldikdə isə çempionatı müəyyən qədər uğurlu saymaq olar. Səbəbi Anna Skidanın olimpiadaya lisenziya qazanmasıdır. Yarışı izlədikdə bu nailiyyətin tam olmadığı hissi var idi. Çünki Anna təsnifatda ən yaxşı nəticə göstərmişdi. Təəssüf ki, finalda ən uzaq atışını təkrarlaya bilmədi.

70696369007 usatsi 21288545 - Futbolinfo.az

Ümumiyyətlə, atletikada dörd atma növü var – çəkicatma, diskatma, kürəatma və nizəatma. Bunlar arasında çəkicatma ilə diskatma ən çətinidir. Səbəbi isə bu yarışlarda gözlənilməzliyin çox olmasıdır. Hər ikisi xüsusi ayrılmış qəfəsdən icra edilir. Bu da əlavə çətinliklər yaradır. Bəzən daha çox güc sərf etdiyin halda alət qəfəsdə qalır. Nəticədə burada favorit daim qələbə qazana bilmir. Çəkicatma turnirində də bunu izlədik.

Digər təmsilçimiz Aleksis Kopello isə turniri nəticəsiz yekunlaşdırdı. Üçtəkanla tullanmada Kopellonun heç bir cəhdi keçırli olmadı. İki nəfərlə təmsil olunan ölkəmiz medal qazanmasa da, bir lisenziya ilə Macarıstanı tərk edir.

Yuxarıda qeyd etdiyimiz kimi, postsovet məkanında atletikanın vəziyyəti ürəkaçan deyil. Onsuz da ölkəmiz bu idman növündə heç vaxt güclü olmayıb. Azərbaycanda Ziba Ələskərovalar nadir hallarda peyda olur. Əsas məqsəd fitri istedadları qorumaq və onların inkişafı üçün şərait yaratmaqdır. Əks halda, Ramil Quliyevin uğurlarına ürək dolusu sevinə bilməyəcəyik.

İLQAR AĞAYEV

Shares: