Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında gümüş medal qazanıb.
Futbolinfo.az xəbər verir ki, 37 ölkənın üzgüçülərinin qatıldığı turnirdə həmyerlimiz 200 metr batterflyay üsulunda üzmədə yalnız yerli idmançı, Böyük Pyotr adına Sankt-Peterburq Politexnik Universitetinin tələbəsi Roman Şevlyakovdan geri qalıb.
Bu üsulda üçüncü yeri Rusiyanın Ural Dövlət Universitetinin tələbəsi Dmitri Noviçkov tutub.
Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürrəhmanov əldə edilən nailiyyəti dəyərləndirib. O, bu il turnirə Rusiyadan qatılan idmançıların sayının çox olduğunu bildirib: “Əvvəlki universiadalarda hər ölkədən idman növləri üzrə yalnız iki üzgüçünün qatılmasına icazə verilirdi. Bu il bu qayda dəyişdirilərək, hər universitetdən iki idmançının qatılması qərara alınıb. Bu isə Rusiyada daha çox idmançının yarışlarda iştirakı deməkdir. Odur ki, bu il Beynəlxalq Universitet İdman Festivalında mübarizə çox gərgin alındı. Ramil Vəlizadə belə bir çətin mübarizə şəraitində gümüş medal qazana bildi”.
Baş məşqçinin sözlərinə görə, Azərbaycanın digər üzgüçüsü Fatimə Alkərəmova iki dəfə finala vəsiqə qazansa da, ilk “üçlüy”ə düşə bilməyib.