“Turan Tovuz”un panamalı müdafiəçisi Roderik Millerin futbolinfo.az saytına müsahibəsi

– Son oyunda evdə “Səbail”ə gözlənilmədən uduzdunuz. Matç barədə fikirləriniz necədir?

– Oyunla bağlı qarışıq hisslərm var. Çünki rəqib yaxşı çıxış edirdi. Biz də üstün olduğumuz anlarda əlimizə düşən fürsətləri boşa verdik. O qədər də yaxşı deyildik – bunu etiraf etməliyik. Lakin daha çox çalışıb hər oyundan 3 xalla ayrılmalıyıq.

– Bu mövsüm evdə keçirdiyiniz ilk oyunda uduzmaq sizə pis təsir etmədi?

– Futbolda belə şeylər olur. Məğlubiyyətdən sonra daha yaxşı vəziyyətə qayıtmaq, ayağa qalxmaq lazımdır. Diqqətimizi, konsentrasiyamızı itiriməməliyik. Çatışmazlıqları aradan qaldırmaq lazımdır. Özümüzü təkmilləşdirməliyik.

– Hər bir azarkeş bu mövsümdə “Turan Tovuz”dan böyük nəticələr gözləyir. Necə düşünürsən, avrokuboklar üçün oynaya bilərsiniz, yoxsa liqada qalmağa çalışacaqsınız?

– Biz ilk növbədə azarkeşləri məyus etməməyə çalışacağıq. Hələ marafon yeni başlayır və qarşıda çox oyun var. Daha yaxşı mövqelərə gəlmək, yuxarı pillələrdə olmaq üçün əlimizdən gələni edəcəyik. İndi sadəcə, Premyer Liqada yaxşı nəticə üçün çalışmalıyıq.

– Azarkeşlər və futbol mütəxəssisləri bu il Misli Premyer Liqasında gərgin mübarizə gözləyir. Siz nə düşünürsünüz?

– Klubların transferlərinə baxsaq, elədir. Yaxşı futbolçularla yaxşı müqavilələr imzalandı, komandalar hər şeyə hazırdır. Biz də onların sırasındayıq və düşünürəm ki, maraqlı olacaq.

– 4 oyundan sonra 6 xalınız var. Bu, “Turan Tovuz” üçün yaxşı nəticədir, yoxsa mövsüm başlamazdan əvvəl daha çoxunu gözləyirdiniz?

– Biz nailiyyətləri addım-addım əldə edirik. Əminəm ki, çempionat başlamazdan öncə hər kəs daha çox şey istəyirdi. Müsbət nəticələr qazanmaq və yaxşı oyun göstərmək bütün komandaların istəyidir. Hər şeyin yaxşı olmasını gözləmək doğrudur, amma bilmək lazımdır ki, qarşıda duran hədəfə çatmaq asan deyil. Biz nə istəyiriksə, rəqiblərimiz də onu istəyir. Daha yaxşı olmaq üçün zamana ehtiyac var.

– Qarşıda “Sabah”la səfərdə matç var. Rəqibin xala ehtiyacı olduğunu nəzərə alsaq, sizin üçün çox çətin olacağını deyə bilərik?

– Yaxşı rəqiblə gərgin matç olacaq. Amma hər şey meydanda müəyyənləşəcək. Əlverişli nəticə üçün səhvlərə yol verməmək lazımdır. Bunun üçün isə konsentrasiya olmalıyıq.

ABBAS

Shares: