“Neftçi”nin braziliyalı hücumçusu Andre Şinyaşikinin futbolinfo.az saytına müsahibəsi

– “Qəbələ” ilə matçda qalib gələrək mövsümdə ilk qalibiyyətinizi əldə etdiniz. Matç barədə fikirləriniz necədir?

– Mövsümdə ilk qələbəmizi qazanmaq məni çox sevindirdi. Komandamızın meydanda apardığı mübarizə ilə fəxr edirəm. Bu qələbə birgə əməyin nəticəsi idi. Düşünürəm ki, bu qələbə bizim üçün yaxşı bünövrə olacaq.

– Komanda bundan sonra qalibiyyətlərə davam edəcək?

– Məncə, hər oyuna final kimi yanaşaraq bu cür davam edə bilərik. Oyundan-oyuna daha yaxşı olmalıyıq. Bunu etsək, uğur qazanacağıq.

– Hər kəs artıq yenilənmiş “Neftçi”dən kubok gözləyir…

– İndi bu barədə danışmaq üçün tezdir. Biz hər dəfə qarşımızdakı matçda qalib gəlməliyik. Növbəti oyundan uzağa getmək olmaz. Qarşıda keçirəcəyimiz hər matç daha vacibdir.

– Azərbaycan çempionatında özünüzü necə hiss edirsiz?

– Burada olmaqdan çox şadam. Məncə, çox rəqabətli komandaların olduğu yaxşı bir liqadır. Ümid edirəm ki, burada “Neftçi” ilə kuboklar qazana bilərik.

– Bakı klubunun azarkeşləri sizdən çox şey gözləyir. Onlar məhsuldar karyeranızı nəzərə alıb burada daha çox qollar vuracağınızı düşünür…

– Bunu bilirəm. Ən vacibi burada komandaya kömək etməkdir. Qalan hər şey öz-özünə düzələcək. Komandanın nəticələri çox önəmlidir.

– Adrian Mutu ilə işləmək necədir?

– Onun kimi əfsanə ilə bir yerdə işləmək çox xoşdur. Mən onun “Fiorentina”dakı matçlarını izləyirdim. Bacardığım qədər Mutudan çox şey öyrənməyə çalışacam.

– Qarşıda “Sumqayıt”la səfər matçı var. Bu oyuna hazırsız?

– Sadəcə, oyunumuz üzərində işləməyə və detalları düzgün təhlil etməyə çalışırıq. Əgər işimizi görsək, uğur qazanarıq.

ABBAS

Shares: