“Qarabağ”ın yay transfer dönəmində transfer etdiyi braziliyalı sağ cinah müdafiəçisi Mateus Silvanın futbolinfo.az saytına müsahibəsi
– “Qarabağ”da debüt oyununuzu Avropa Liqasının pley-off mərhələsində “Olimpiya”ya qarşı Sloveniyada keçirdiniz və qələbə sevinci yaşadınız. Təəssüratlarınız necədir?
– “Qarabağ” kimi böyük kluba keçdiyim üçün çox xoşbəxtəm. Üstəlik, debüt etdim və qələbə qazandıq. Açığı, “Olimpiya” ilə görüşdən əvvəl bir az həyəcan var idi. Emosiyalarımı ələ almaqda müəyyən çətinlik çəkirdim. Çünki avrokuboklarda iştirak etmək çoxdankı arzum idi. Bu da həyəcansız ola bilməzdi. Mənim üçün ikiqat sevincli an oldu. Həm debütüm baş tutdu, həm də səfərdə qalib gəldik.
– Ümumiyyətlə, “Qarabağ”dan təklif aldığınız zaman bu komanda barədə hansısa məlumatınız var idi?
– Təbii ki, “Qarabağ” haqda məlumatım var idi. Onların müntəzəm olaraq hər mövsüm avrokubokların qrup mərhələsində iştirak etdiyini bilirdim. Avrokubok matçlarının nəticələri ilə maraqlananda “Qarabağ”ın adına rast gəlirdim. Həmçinin, Azərbaycan Premyer Liqasında da daim çempionluğa, titullara iddia edən komandadır. Buna görə də təklif alanda çox sevindim və bunu özüm üçün böyük çağırış kimi qəbul etdim.
– “Qarabağ” variantı yarananda məsləhətləşdiyiniz braziliyalı futbolçu oldu?
– Azərbaycanda oynamış çox dostum yoxdur. Sadəcə, gəlməzdən əvvəl Riçard Almeyda ilə əlaqə saxladım. Onsuz da klub haqda ilkin məlumatlar əldə etmişdim. Onun sözləri “Qarabağ” barədə olan informasiyamı təsdiqlədi. Mənə dedi ki, Azərbaycanda hər şey yaxşıdır və karyeramda irəliyə doğru addım atmaq baxımından seçimim doğrudur. Mən özüm də karyeramı bir pillə irəli aparmaq barədə düşünürdüm. Təklif isə tam yerinə düşdü. Bu klub Avropada kifayət qədər tanınır. Gələcək karyerasını düşünən oyunçu üçün isə bu cür komandada oynamaq çox vacibdir.
– Ümumiyyətlə, Azərbaycan futbolu barədə nələr bilirdiniz və gördükdən sonra ilkin təəssüratlarınız necədir?
– Bu barədə nəsə demək üçün hələ çox tezdir. Ancaq gördüyüm qədərilə intensiv, maraqlı mübarizə gedir.
– “Olimpiya” ilə cavab oyununa 2:0 hesablı üstünlüklə başlayacaqsınız. Artıq qrup mərhələsinə vəsiqəni təmin etdiyinizi düşünmək olar?
– Səfərdə 2 top fərqi ilə qalib gəlmək ciddi üstünlükdür. Əksəriyyət hesab edir ki, bununla cütün taleyi həll olunub. Ancaq hesab edirəm ki, işin hələ yarısını görmüşük. Evdə bizi daha bir 90 dəqiqəlik gərgin mübarizə gözləyir. Yalnız doğma azarkeşlərimiz önündə uğurlu çıxışla son nöqtəni qoya bilərik. Lyublyanadakı ciddiyyəti qorumaq və bütünlüklə matça köklənməliyik. Əlbəttə ki, hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır. Bunu reallaşdırmaq üçün də cavab qarşılaşmasında uğurlu olmalıyıq.
– “Olimpiya” kimi klubu səfərdə məğlub etdikdən sonra evdə çempionatın autsayderlərindən sayılan “Kəpəz”lə bərabərə qaldınız. Bu qeyri-sabit nəticəni nə ilə əlaqələndirərdiniz?
– Həqiqətən də “Olimpiya” ilə səfər oyunu çox vacib idi və yaxşı nəticə ilə qayıtdıq. Ölkə çempionatında “Kəpəz”lə qarşılaşmada xal itirməyimizi isə yorğunluqla əlaqələndirərdim. Tez-tez olan səfərlər, 2-3 gündən bir keçirilən oyunlar futbolçularda yorğunluğa səbəb olur. Mənə görə əsas səbəb budur. “Kəpəz”lə görüş artıq geridə qalıb, həmin matçı xatırlayaraq hazırlaşmamalıyıq. İrəli baxmaq, növbəti qarşılaşmaya köklənmək lazımdır.
-“Qarabağ”da sizin mövqeyinizdə Monteneqro millisinin üzvü Marko Veşoviç də var. Özünüzü onunla rəqabətə hazır sayırsınız?
– Veşoviç barədə məlumatım var. Onun zədə ucbatından bir neçə görüşü buraxması heç də yaxşı hal deyil. Bir komanda yoldaşı olaraq bu, məni də üzür. Ümid edirəm ki, Veşoviç tezliklə sağlamlığına qovuşar. O ki qaldı əsas heyət uğrunda mübarizəyə, hər kəs kimi mən də rəqabətə hazıram. Sağlam rəqabət hər kəsin inkişafına təkan verir. Məşqçilərin mənə verdiyi fürsətdən maksimum yararlanmağa çalışacağam.
– Braziliya, Portuqaliya və Bolqarıstan çempionatında çıxış etmisiniz. Hansı liqanın üslubu Azərbaycan Premyer Liqasına daha yaxındır?
– Bu suala cavab verməkdə bir az çətinlik çəkirəm. Daha əvvəl Avropada Portuqaliya və Bolqarıstanda çıxış etmişəm. Azərbaycan Premyer Liqasında isə cəmi bir matçda meydana çıxmışam. Hər bir çempionatın özünəməxsus özəllikləri var. Məsələn, bəzi liqalar taktiki baxımdan üstündür, bəziləri daha intensivdir. Azərbaycan çempionatının səviyyəsindən danışmaq və hansısa müqayisə aparmaq üçün hələ tezdir. Ancaq müşahidələrimə əsasən deyə bilərəm ki, asan deyil. Ümumiyyətlə, indi futbolda qapazaltı rəqib yoxdur. Nəticə qazanmaq istəyirsənsə, hər matçda var gücünü ortaya qoymalısan. Bizim üzərimizə düşən isə daim hazırlaşmaq və səviyyəmizi artırmaqdır. Yalnız bu yolla yaxşı nəticələr qazanmaq olar.
FƏRİD