“Qarabağ”ın yeni transferi Mateus Silva Monteneqro millisinin üzvü Marko Veşoviçlə rəqabətə hazırdır. Braziliyalı sağ cinah müdafiəçisi eyni mövqeni bölüşəcəyi oyunçunu tanıyır.
Bu barədə futbolinfo.az saytına açıqlamasında Plovdiv “Lokomotiv”indən gələn legioner danışıb: “Veşoviç barədə məlumatım var. Onun zədə ucbatından bir neçə görüşü buraxması heç də yaxşı hal deyil. Bir komanda yoldaşı olaraq bu, məni də üzür. Ümid edirəm ki, Veşoviç tezliklə sağlamlığına qovuşar. O ki qaldı əsas heyət uğrunda mübarizəyə, hər kəs kimi mən də rəqabətə hazıram. Sağlam rəqabət hər kəsin inkişafına təkan verir. Məşqçilərin mənə verdiyi fürsətdən maksimum yararlanmağa çalışacağam”.
Silva debüt tdiyi Misli Premyer Liqasının özünəməxsus özəllikləri olduğunu düşünür: “Daha əvvəl Avropada Portuqaliya və Bolqarıstanda çıxış etmişəm. Azərbaycan Premyer Liqasında isə cəmi bir matçda meydana çıxmışam. Hər bir çempionatın özünəməxsus özəllikləri var. Məsələn, bəzi liqalar taktiki baxımdan üstündür, bəziləri daha intensivdir. Azərbaycan çempionatının səviyyəsindən danışmaq və hansısa müqayisə aparmaq üçün hələ tezdir. Ancaq müşahidələrimə əsasən deyə bilərəm ki, asan deyil. Ümumiyyətlə, indi futbolda qapazaltı rəqib yoxdur. Nəticə qazanmaq istəyirsənsə, hər matçda var gücünü ortaya qoymalısan”.