“US Open”in ilk turunda britaniyalı Endi Marrey ilə fransalı Korentin Mute arasında keçirilən görüş tennis tarixində əlamətdar hadisə ilə yadda qalıb. İlk dəfə olaraq futboldakı kimi video köməkçi hakimdən (VAR) istifadə edilib. Ancaq təəssüf ki, “Billie Jean King” Milli Tennis Mərkəzində quraşdırılan sistemdə texniki problemlər yaranıb.
Hesab 6:2, 7:5, 5:3 Marreyin xeyrinə olduğu zaman Mute hakimdən topun iki dəfə meydançaya toxunmağı yoxlamasını istəyib. Həmin epizodda xal britaniyalıya verildiyinə görə fransız tennisçi etiraz edib.
Kadrlar ekranda göstərilsə də, hakimin qarşısındakı planşetə ötürülməyib. Nəticədə hakim əvvəlki qərarını dəyişməz saxlayaraq xalı Marreyə verib. Britaniyalı tennisçi geymdə qalib gəlib və oyunu da qələbə ilə tamamlayıb.