Sloveniyanın “Olimpiya” komandasının üzvləri avqustun 29-dan Bakıdadırlar.
Futbolinfo.az xəbər verir ki, Lyublyana təmsilçisi “Qarabağ”la matça 2 gün qalmış Azərbaycan paytaxtına gəlib.
Onlar xüsusi deyil, Türk Hava Yollarına məxsus sərnişin təyyarəsi ilə Bakıya yollanıblar.
Dünən komanda “Qarabağ”a məxsus “Azərsun Arena”nın məşq meydanında hazırlıq keçib. Bu gün axşam isə komandanın Tofiq Bəhramov adına Respublika Stadionunda məşqi nəzərdə tutulub.
Bu səhər “Olimpiya” komandasının üzvləri şəhər gəzintisinə çıxıblar. Sloveniya klubunun futbolçuları Dağüstü Parkda da olublar və oradan kollektiv şəkil çəkdiriblər.
“Qarabağ”la “Olimpiya” Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda cavab matçına çıxacaqlar. Oyun saat 20:00-da başlanacaq. Bu komandaların Lyublyanadakı ilk görüşündə “Qarabağ” 2:0 hesabı ilə qələbə qazanıb.