“Araz-Naxçıvan”ın Mərdəkandakı günləri ilin sonunda başa çatacaq. Debütant təmsil etdiyi muxtar respublikaya köçəcək.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqada çıxış etmək üçün lisenziya verilərkən klubun qarşısına Naxçıvan şəhər stadionunu təmir etmək şərti qoyulmuşdu. Mövsüm başlayana kimi burada heç bir iş görülmədi və komanda “Dalğa Arena”da oynamalı oldu.
Lakin Peşəkar Futbol Liqası klubun bu yöndəki fəaliyyətsiliyinə laqeyd deyil. Klubdan ən geci 3 və 4-cü dövrənin oyunlarını Naxçıvanda keçirmək tələb olunur. Bu səbəbdən indiyədək şəhər stadionunun təmiri ilə bağlı heç bir iş görməyən klub rəhbərliyi əməli fəaliyyətə keçmək üzrədir. Klubdan aldığımız məlumata görə, sentyabrın əvvəlindən yerli arenanın sürətli təmiri üçün işlər başlanacaq.