Yaponiya, İndoneziya və Filippində keçirilən basketbol üzrə dünya çempionatında ikinci qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Əsas sürpriz Fransa milli komandasının qrupdan çıxa bilməməsi olub. Onlar Olimpiya oyunlarına vəsiqə üçün 17-32-ci yerlər uğrunda görüşlərdə mübarizə aparacaqlar.

Dünya çempionatı üçün optimal heyət toplaya bilməyən Yunanıstan millisi də uğursuzluğa düçar olub. Son oyunda Dimitris İtudisin komandası az qala fransızların arxasınca yollanacaqdı. Lakin Yeni Zelandiya ilə görüşdə onlar 15 xal geridə qalmalarına rəğmən, fasilədən sonra geri dönüş edə biliblər. İkinci qrup mərhələsində Yunanıstan millisi Litva və Monteneqro ilə pley-off uğrunda mübarizə aparacaq.

Azarkeşlər üçün ən maraq doğuran qrup Sloveniya, Almaniya, Gürcüstan və Avstraliyanın qərarlaşdığı kvartetdir. 1/8 finala iki vəsiqə uğrunda bu komandalar arasında gərgin mübarizə gedəcək. Yeni Zelandiyanın turniri tərk etməsindən sonra Avstraliya olimpiadaya vəsiqəni təmin edib.

İkinci qrup mərhələsinin ilk günündə maraqla gözlənilən iki görüş var. Cümə günü, sentyabrın 1-də Qoran Draqiçsiz Sloveniya millisi Avstraliya ilə oyunda əsl gücünü göstərməlidir. Donçiçin komandası ilkin mərhələdə elə də ciddi çətinliklə üzləşməyib.

Bundan başqa, Serbiya və İtaliya arasındakı görüşü izləmək də çox maraqlı olacaq. Serblər də ilk qrup mərhələsində bütün görüşlərdə qələbə qazanıblar. İtalyanlar Dominikan Respublikasına məğlubiyyətdən sonra (87:82) aşağı liqaya düşmək ərəfəsində olsalar da, özlərinə gəlməyi bacarıblar.

Kanada komandası qrupda Braziliya, Latviya və İspaniya ilə qarşılaşacaq. Sentyabrın 3-ə planlaşdırılan ispanlarla qarşılaşma mundialın ən maraqlı görüşlərindən biri sayılır. Hazırkı dünya çempionları Riki Rubio, Lorenzo Braun, Nikola Mirotiç və bir sıra digər yüksək səviyyəli oyunçuları itirmələrinə baxmayaraq, hələ də çox yaxşı oyun nümayiş etdirirlər. Serxio Skariolo yenidən döyüşkən komanda yarada bilib və çox güman ki, İspaniya yenə də medallar uğrunda mübarizə aparacaq. Kanada isə bu çempionatda ən güclü basketbolu nümayiş etdirir və Şey Gilges-Alexander MVP mükafatına əsas namizəddir. Latviya ilə 27 xal və 6 məhsuldar ötürmə, Fransa ilə 27 xal və 13 məhsuldar ötürmə ilə o, ulduz statusunu doğrultmaqdadır. Latviya və Braziliyanın isə bu qrupdan çıxmaq şansı azdır.

Dünya çempionatının ikinci qrup mərhələsi:

I qrupu. Serbiya (3 qələbə), Dominikan Respublikası (3), İtaliya (2), Puerto Riko (2)

J qrupu. ABŞ (3), Litva (3), Monteneqro (2), Yunanıstan (2)

K qrupu. Sloveniya (3), Almaniya (3), Avstraliya (2), Gürcüstan (2)

L qrupu. Kanada (3), İspaniya (3), Braziliya (2), Latviya (2)

Qeyd edək ki, komandaların ilk qrup mərhələsindəki xalları silinmir.

Shares: