Sloveniyanın “Olimpiya” klubunun baş məşqçisi Joao Enrike klubun rəsmi saytına fikirlərini bölüşüb.
Futbolinfo.az saytı xəbər verir ki, portuqaliyalı mütəxəssis Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyunöncəsi inamlı danışıb.
51 yaşlı çalışdırıcı Lyublyanadakı ilk görüşdə 0:2 hesabı ilə uduzmalarına baxmayaraq, mərhələ adlamağa ümidlidir: “Futbolçular yorğundurlar, səfər yorucu oldu. Ancaq hər gün daha yaxşıya doğru gedirik. Qarşılaşmaya inamlı başlayıb, əlimizdən gələni etməliyik. İnanıram ki, oyunçular daha çox dincəliblər və matça hazır olacaqlar. Avropa Liqasının qrupuna düşmək üçün buradayıq”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiya” oyunu saat 20:00-da başlayacaq.