“Qrup matçlarında “Liverpul”u, “Roma”nı burada görməyi çox istərdim”.

Futbolinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl komandasının Avropa Liqasının qrup mərhələsində qarşılaşa biləcəyi komandalar barədə danışarkən deyib.

O, rəqiblərin kimliyindən asılı olmayaraq, komandasına güvəndiyini bildirib: “Komandamın Avropa Liqasının qrupunda oynamağa hazır olduğunu düşünürəm. Artıq “Qarabağ”ın Azərbaycanın bir ruhu, parçası, canı olduğunu və bu klubu bütün dünya bilir. Qrupda hansı komandalarla düşməyimizdən asılı olmayaraq, onları bizimlə çətin oyunlar gözləyəcək. Ancaq nəticə necə olacaq, bunu təxmin etmək çətindir”.

Gözəl ardıcıl 10-cu dəfə avrokubokların qrupuna düşməyin qürurunu yaşadığını söyləyib: “Heç nədən başladığımız marafonda bu axşam ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazandıq. Bəzi ölkələrin komandaları yüksək reytinqə görə, birbaşa qrupdan başlayırlar. Şərqi Avropada isə bu, tarixi nəticədir. Hətta birbaşa qrupdan başlayanlar da daxil olmaqla, “Qarabağ”ın bacardığını ümumilikdə 16 klub edə bilib. Bizdən fərqli olaraq, onların çoxu heç təsnifatda iştirak etməyib. Buna görə də, tarixi gündür. Xalqımda bu həyəcanı, sevinci görməyin izahını etmək mümkün deyil”.

Klub prezidenti Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Olimpiya” klubu ilə Bakıda 1:1 hesablı heç-heçə etdikləri cavab görüşünü də dəyərləndirib: “Avropada zəif, böyük klub anlayışı yoxdur. Ağır matç oldu. Amma “Qarabağ” səliqəli və təmkinli çıxış etdi. Nə çox risk etdi, nə də hədsiz müdafiə olundu. Qurban Qurbanov öz məharətini yenə gözəl şəkildə göstərdi. Buradan möhtəşəm qürur hissi ilə ayrılıram”.

Tahir Gözəl transfer çalışmalarını davam etdirdiklərini də sözlərinə əlavə edib: “Qurban Qurbanovun əlində büdcə, imkanlar var. Transfer işinə baxır. Rəhbərlik tərəfindən bu məsələdə heç bir məhdudiyyət yoxdur. Amma qısa müddətdə kimisə tapa biləcəkmi, bunu deyə bilmərəm. Biz həmişə axtarışdayıq”.

Shares: