“Çətin oyun oldu. Rəqib hücumameyilli oyuna üstünlük verirdi. Biz buna hazır idik. Meydanda vuruşduq, xarakter göstərdik. Məqsədimiz lazımı nəticəni qazanıb, qrup mərhələsinə düşmək idi. Buna da nail olduq”. Bunu bunu “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir “Olimpiya”ya qarşı keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü (1:1) barədə danışarkən deyib.
O, sabah keçiriləcək püşkatma mərasimində yenidən “Rakuv”la rəqib olmaları ehtimalı haqda sualı da cavablandırıb: “Həmişə böyük klublarla oynamaq istəyirsən. Bu, bizim üçün böyük təcrübədir. Əgər “Rakuv”la düşsək belə, qələbə qazanmağa çalışacağıq”.
Fransalı futbolçu son 2 oyunda kapitan sarğısı ilə meydana çıxmasından söz açıb: “Baş məşqçi kapitan sarğısını mənə etibar edəndə çox sevindim. Ancaq buna fokuslanmıram. Meydanda ən yaxşısını edib komandama kömək etmək istəyirəm. “Qarabağ”ın kapitan sarğısını daşımaq böyük şərəfdir”.
O, daha bir qol vuracağı halda Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox fərqlənən oyunçu olacağı barədə məlumatsız olduğunu bildirib: “Bunu dediyiniz üçün təşəkkürlər. Reynaldonun Ağdam təmsilçisində etdiklərindən xəbərdaram. Burada möhtəşəm karyerası var. Belə bir nailiyyəti əldə etmək mənimçün də xoş olar. Qrup mərhələsində bunu bacaracağıma ümid edirəm”.
Zubir 6 il əvvəl, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə düşəndə aldığı təklifi dəyərləndirmədiyi üçün peşman olduğunu söyləyib: “Təklifdən bir neçə ay sonra “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki oyununa baxanda çox məyus olmuşdum, peşmanlıq hissi keçirmişdim. Burada oynamaq hamının arzusudur. Bununla belə, dünyanın sonu deyil. Yenidən bu imkanı əldə edəcəyik”.