Ardıcıl 10-cu dəfə! Bu, tarixdir və onu “Qarabağ” yazıb. Avrokuboklarım qrup mərhələsinə ardıcıl bu qədər vəsiqə qazanan komanda, qitə nəhəngləri istisna olmaqla, heç aparıcı Avropa ölkələrində yoxdur. Azərbaycandan isə ümumiyyətlə, danışmağa dəyməz.
Təmsilçimiz hələ ötən mərhələdə minimum vəzifəsinin öhdəsindən gəlmiş, Konfrans Liqasının qrupuna vəsiqəni təmin etmişdi. Lakin ağdamlılar daha çoxuna nail olub Avropa Liqasında qruplara qaldı. Daha nüfuzlu turnirə düşmək həm daha çox maliyyə, həm də daha uzağa getmək imkanıdır. Burada qrupdan çıxmaq, ən azı Konfrans Liqasına yollanmaq şansı xeyli yüksəkdir. Ona görə də təmsilçimizin qışdan sonra da qitə yarışlarında mübarizə aparmaq üçün real imkanı var.
“Qarabağ” dünən də qələbə qazanmaq istəyirdi. Lakin əsas tapşırıq cütdə əsas tapşırığın öhdəsindən gəlmək, mərhələ adlamaq idi. Sloveniyadakı 2:0 hesablı qələbədən buna ümid çox idi. Bununla belə, ağdamlılar ehtiyatlı davrandı və məqsədinə çatdı.
Komanda hesabı açanda hətta darmadağına da ümid var idi. Lakin “Olimpiya”nın itiriləsi bir şeyi qalmamışdı və ardıcıl hücumlarla ümumi hesbı bərabərləşdirə bildilər. Ləğv olunan penalti bəlkə də matçın qırılma anı idi. Həmin dəqiqələrdə qonaqlar önə keçsəydi, vəziyyət fərqli ola bilərdi. Amma VAR bizi sevindirdi, ardınca “Qarabağ” toparlanıb vəziyyətə nəzarəti ələ aldı.
Matç həm rəqibin inadkarlığını, həm də “Qarabağ”ın ideal vəziyyətdə olmadığını üzə çıxardı. Komandada müəyyən problemlər var, xüsusilə hücum fazasında işlər qaydasında getmir. Lakin heyətin yeniləndiyini nəzərə alsaq, bütün bunlar gözlənilən idi. Nə yaxşı ki, çempionumuz bu vəziyyətində də tapşırığın öhdəsindən gəldi. İndi heyətə əl gəzdirmək üçün qısa zaman var, mümkün olsa, daha bir hücumçu almağa dəyər.
Hətta yeni transfer olmasa da, “Qarabağ” qrupda qapazaltı olmayacaq. Komanda psixoloji təzyiq altında deyil, oyunlarını rahat keçirərək uğura davam edəcək. Yeni oyunçuların heyətə uyunlaşmaq imkanı olacaq, hamını formada olduğu bir zamanda isə bu komanda çox işlər görə bilər.
Kəsəsi, “Qarabağ” ölkə futbolunun siması olmaqda davam edir. Azərbaycanda bu gün hələ də futboldan danışa biliriksə, bu, məhz “atlılar”a görədir. Təəssüf ki, bu yolda “Qarabağ” təkdir.
FƏRİD