Dünya reytinqinin 26-cı raketka ustası ukraynalı Elina Svitolina rusiyalı Anastasiya Pavlyuçenkova (WTA reytinqində 98-ci) ilə görüşdə hakimdən əri Qael Monfilsin oyununda hesabın necə olduğunu soruşub. Həmin vaxt fransalı tennisçi rus Andrey Rublyovla qarşılaşırdı.
Svitolinanın özü görüşü 5:7, 6:4, 6:4 hesablı setlərlə qalib tamamlayıb. Həyat yoldaşı Monfils isə Rublyova (4:6, 3:6, 6:3, 1:6) məğlub olub və “US Open”in üçüncü raunduna çıxa bilməyib.
Matçın ortasında tərəflərin kortda yerdəyişməsi zamanı Svitolinanın hesabı öyrənmək üçün hakimlə danışdığı müşahidə edilib. Ukraynalı tennisçi cavab aldıqdan sonra oynamağa davam edib.
“Mən hakimdən bir az motivasiya almağa çalışırdım. Qael də eyni vaxtda oynayırdı. Mənə əlavə stimul lazım idi, çünki əlimdən gələni edə bilmirdim”, – deyə Svitolina oyundan sonra məsələyə aydınlıq gətirib.
Svitolina ilə Monfils arasındakı münasibətlər dörd ildən çoxdur ki, davam edir. 2021-ci ildə tennis ulduzları münasibətlərini rəsmiləşdiriblər. Cütlüyün 2022-ci ilin oktyabrında dünyaya gələn Skay Monfils adlı bir qızı var.