“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 5-ci turunun “Turan Tovuz”la oyunundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyəti belə şərh edib:

“Demək olar ki, iki standart vəziyyət oyunun taleyini həll etdi. Standartlarda səhv etdik və rəqib fərqləndi. Oyuna daha çox nəzarət edən tərəf olsaq da, təhlükəli yerlərdə top qəbul edə bilmirdik. Nəticədən məmmun deyilik, işləməyə davam edəcəyik. Özümüzə gəlmək üçün nə qədər vaxt lazım olduğunu deyə bilmirəm. Bəli, bizə pauza lazımdır. Xeyri olacaq. Nələrsə səhv etmişiksə, təhlil edəcəyik. Ola bilər ki, 1-2 transfer edilsin. Milliyə gedənlərdən sonra 10-12 nəfərlə nələrisə düzəltməyə, yaxşılaşdırmağa çalışacağıq.

“Turan Tovuz” çox sərt oynayırdı. Bu gün başqa cür oynaya bilməzdik. İndi kimisə günahlandırmaq doğru olmazdı. Yusif İmanov ötən mövsümü yaxşı keçirib. Gəncdir. Uduzanda mən baş məşqçi başda olmaqla hamımız uduzuruq. Hamımız səhv edirik.

Mikelsin gedişi bizim üçün gözlənilməz idi. Bu, mövsümün gedişində baş verdi. Biz də buna hazır deyildik. Həmin mövqeyə heç kimi götürmədik. Ötən mövsüm yaxşı anlaşma var idi. Biz onun yerinə nominal yarımmüdafiəçi oynadırıq. Transfer gözləyirik. Eyni profilli cinah futbolçusu aldıqdan sonra ola bilər ki, düzəlsin. Bu gün rəqib müdafiəsi arxasına açılmalar az idi. Asmalar vaxtı cərimə meydançasının içərisində kəskinlik, aqressivlik yox idi. Bunun üzərində işləmək lazımdır. “Sabah”a qarşı hamı elə oynayır ki, sanki həyatlarının ən vacib oyunlarıdır. “Turan Tovuz”un ötən turdakı oyunu ilə bugünkü matçını müqayisə edin. Ölməyə hazır idilər. Bütün rəqiblər bizə qarşı belə oynayır. Nəyə görəsə, “Sabah” hamı üçün əsas motivasiya mənbəyidir. Amma heç nə olmaz, sakitləşmək lazımdır. Yalnız işləməklə bunun öhdəsindən gələ bilərik.

Ayaz Quliyev hələ forma yığmalıdır. O, çoxdandır ki, oynamır. İstəyirik ki, iki-üç il əvvəl parlaq çıxış edən Ayazı geri qaytaraq. Çox yüksək səviyyədə idi. O, bura gələndə motivasiyası yüksək idi, bura gəlməyi çox istəyirdi, komandamıza qoşulmaq niyyətindəydi. Milli komandalara görə verilən fasilədə işləyəcəyik. Çalışacağıq ki, fiziki durumunu yaxşı vəziyyətə gətirək. İnanıram ki, bizə kömək edəcək”.

Shares: