“Turan Tovuz”un ən çox ehtiyac duyduğu sabitlikdir. Komanda səfər oyunlarında çempion kimi oynayıb ən güclü rəqibləri udur, ardınca evdə sıradan komandalara qarşı aciz qalır. Bu, ev sindromu deyil, “bir nömrə” kimi oynayanda əziyyət çəkməyin nəticəsidir.
Yəqin ki, zamanla problem yoluna qoyulacaq. Qərblilərin belə potensialı var. Ayxan Abbasov yeni yığılan heyəti formalaşdırdıqca, oyunçular bir-birinə uyğunlaşdıqca daha yaxşı olacaq. O zaman oyunda sabitlik yaranacaq və “Sabah” üzərində səfər qələbəsi gözlənilməz sayılmayacaq. “Turan Tovuz” hələlik böyüməkdə olan uşaq kimdir, yıxıla-dura irəliləyir. Komanda “Səbail”lə ev matçında döyüləcək, “Sabah”ı səfərdə döyəcək qədər qeyri-adidir.
Abbasovun yetirmələrinin qələbəsinə kölgə salmaq olmaz. “Turan Tovuz” dünən “Sabah”a oyunu çevirmək üçün ümid yeri qoymadı, mübarizə apardı, istədiyi vaxt qollarını vurdu və layiqli qələbə qazandı. Büdcən, şəraitin, oyunçu potensialın rəqibdən zəifdirsə, bunu əzmkarlıqa, döyüşkənliklə və futbol biclikləri ilə sığortalamalısan. Qərblilərdə hamısı var, futbol biclikləri də standart vəziyyətlərindən maksimum yararlanmaq bacarığıdır.
Amma dünən qeydə alınan 3:0-ın səbəbkarı həm də Murad Musayevdir. Rusiyalı məşqçi aldığı psixoloji zərbəni komandanın içinə daşıyıb və bu, nəticələrdə özünü büruzə verir. Komandada ruh düşkünlüyü var, toparlana bilmirlər.
Hazırkı vəziyyətdə rəhbərliyin üzərinə böyük iş düşür. Məhz onlar məşqçiyə dəstək olmalı, komandanın özünə gəlməsini təmin etməlidirlər. Yeni yaranan komandalarda sürətli inkişafdan sonra belə geriləmələr gözləniləndir və uçuruma yuvarlanmadan qarşısını almaq mümkündür. Zatən məhz belə olduqda bərkə-boşa düşürsən, böyüyürsən.
“Sabah”da bəlli oyun dəst-xətti, sistemi var. Komandadan önəmli oyunçular, həmin sistemi işlək vəziyyətə gətirən aparıcı ifaçılar gedəndə belə problemlər yaranır. Həmin vacib “detal”ı yerinə qoyduqdan sonra yenə işlər axarına düşəcək. Coy-Lens Mikels və Aleksey Kaşuka layiqli əvəzedicilər tapılan kimi komanda yenidən iddialı olacaq.
Lakin bügünkü “Sabah”ın əsas problemi məhz Musayevlə bağlıdır. O, “Partizan”ı evdə 2:0 hesabı ilə yendikdən sonra səfərdə bu üstünlüyü qoruya bilməməyin öz səhvi olduğunu gözəl anlayır və bunu özünə bağışlaya bilmir. Serbiya klubu hər nə qədər təcrübəli olsa da, indi yaxşı günlərini yaşamır. Növbəti mərhələdəki darmadağın bunu sübut etdi. Onları sıradan çıxarmaq “Sabah”a qismət olmalıydı, gəl ki, Musayevin yanlış seçimləri bunu mümkünsüz etdi.
İndi rusiyalı mütəxəssis həmin uğursuzluğun şokundan ayıla bilmir. “Neftçi” ilə oyunda uşaq hərəkəti edib qırmızı vərəqə aldı, həmin matçda qoruduğu Amin Seydiyev isə “Zirə” ilə matçda meydandan qovuldu. Və dünən ardıcıl məğlubiyyətlərə biri də əlavə olundu. Məşqçinn gərgin olmasının digər nümunəsi canlı efirdə müsahibədən boyun qaçırması idi. Sanki ərköyünlüyə öyrəşib, onun nazı ilə oynanılmasını istəyir.
“Qəbələ”ni 5:0 hesabı ilə yenə və “Turan Tovuz”a 0:3 hesabı ilə yenilən komandanı 180 dərəcə dəyişən yalnız Konfrans Liqasındakı uğursuzluqdur. Onun baş memarı Murad bəy öz gərginliyini komandanın içinə daşıyıb.
Musayev vəziyyəti dəyişə, pis seriyaya son qoya bilmir. Əvəzində az qala tovuzluları onlara qarşı motivasiyalı oynamaqda qınayır. “Sabah”a qarşı rəqiblər başqa istəklə oynayırsa, Musayev bundan şikayətlənməməli, əksinə, sevinməlidir – deməli, onun komandasını sayır, ciddiyə alırlar.
Qonaqların meydanda döyüşməsi ötən tur alınan məğlubiyyətdən sonra özünü sübut etmək istəyi ilə bağlı idi. “Sabah” məğlubiyyətlərdən dərs çıxarıb növbəti matça köklənə bilmirsə, bu, Murad bəyin problemidir.
Musayevi məğlub edənlər Azərbaycanın gələcəyi olan gənc məşqçilərdir. İstər “Zirə”, istərsə də “Turan Tovuz” rəqibini məşqçi ağlı hesabına yendi. Musayev güzəşt gözləməkdə səhv edir, bəlkə də təriflərdən xumarlanıb, lakin əsl bacarığı məhz belə zərbələrdən sonra komandanı toparladığı zaman bilinəcək. “Sabah” muradına çatmasa, Murad sabaha qalmayacaq.
Tur sürpriz nəticə ilə başladı. Bu turda digər iddialılar büdrəməsə, “Sabah” çox geri qalacaq. Düzdür, çempionat hələ təzə başlayıb, amma bu qədər bərbad startdan sonra çempionluq ümidləri kölgədə qalıb. “Bayquşlar”ın hazırda əsas vəzifəsi özünə gəlmək, potensialına uyğun oynamağa başlamaqdır.
FƏRİD