Mingəçevirdə triatlon üzrə Azərbaycan çempionatı keçirilib.

Futbolinfo.az xəbər verir ki, yarış Kür Olimpiya Tədris-İdman Mərkəzində baş tutub.

Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqasının birgə təşkilatçılığı ilə keçirilən yarışda müxtəlif yaş kateqoriyasından olan idmançılar mübarizə aparıblar.

10-13 yaşlılar (üzgüçülük 300 m, velosiped 8 km, qaçış 2 km), 14-17 yaşlılar (üzgüçülük 300 m, velosiped 8 km, qaçış 2 km), 18 yaşdan yuxarı (Gənc/U23/Elit – üzgüçülük 1500 m, velosiped 40 km, qaçış 10 km) və komandalar (estafet – üzgüçülük 1500 m, velosiped 40 km, qaçış 10 km) arasında ən güclülər müəyyənləşdirilib.

Qadınlar arasında olimpiya distansiyasında Kseniya Voronina, kişilərin olimpiya distansiyasında Toğrul Məmmədov finişə birinci çatıblar.

Komanda yarışında isə olimpiya distansiyası üzrə qadınlarda Aysel Səfərova, Svetlana Yevkina, Lalə Əzizova, kişilərdə Musa Mikayılzadə, Cəfər Məmmədov və Cəlal Süleymanov birinci yeri tutublar.

Qaliblərə medalları gənclər və idman naziri Fərid Qayıbov, Mingəçevir şəhər icra başçısı İlham İsmayılov, Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə və digər rəsmilər təqdim ediblər.

Shares: