Formula 1 üzrə dünya çempionatının 15-ci mərhələsi İtaliyada baş tutub. Monza avtodromuna toplaşan “Ferrari” azarkeşləri şənbə günü keçirilən təsnifatın nəticələrindən sonra çox ümidli idilər.

100 mindən artıq azarkeşin izlədiyi yarışın startı 20 dəqiqəyə yaxın gecikib. İsinmə dövrəsində “Alfa Tauri” komandasının pilotu Yuki Sunodanın maşınında problem yaranıb. Bu səbəbdən də yaponiyalı sürücü dövrəni tamamlaya bilməyib.

Maşının təxliyyəsindən sonra baş tutan startda ilk sıradan başlayan Karlos Sayns hücumların qarşısını ala bilib. Ümumiyyətlə, start zamanı elə də ciddi dəyişiklik baş verməyib. Maks Ferstappen bir neçə hücumdan sonra təzyiqə ara verib. Lakin çox keçmədən niderlandlı sürücü yenə liderliyi ələ almaq üçün həmlələr təşkil edib. İspaniyalı sürücü “Red Bull”un təzyiqinə çox dözə bilməyib.

Beləliklə, Maks Ferstappen “Ferrari”ni arxada qoymağı bacarıb. Bundan sonra Maksın yarışda elə də ciddi problemi olmayıb. Niderlandlı sürücü rahat şəkildə növbəti qələbəsini qazanıb. Ardıcıl 10-cu dəfə podiumun ən yüksək pilləsinə qalxan Ferstappen Formula 1 tarixində bugünə qədər misli görünməmiş nailiyyətə imza atıb.

İkinci yer onun komanda yoldaşı Serxio Peresə qismət olub. Təsnifatda ən yaxşı nəticə göstərən Karlos Sayns 3-cü yeri tutub.

Bu mərhələdən sonra Maks Ferstappen xallarının sayını 364-ə çatdırıb. Komanda yoldaşı Serxio Peres ondan 145 xal geri qalır.

Komandaların çempionatında 583 xal toplayan “Red Bull” ikinci sıradakı “Mercedes”i artıq 310 xal qabaqlayır.

Shares: