5 turdan sonra 7 xallı 4 komanda, 2 dəfə məğlub olan, 3 dəfə xal itirən çempion, sürpriz lider, son pillələrə enən 2 avrokubok iştirakçısı…
Misli Premyer Liqasının cari mövsümü əla başlayıb. Xüsusilə iddialı komandaların ardıcıl xal itkiləri ilə mübarizə gərgin xarakter alıb. Transferlərdə diqqətli olan komandalarda məşqçi işi də ön plana çıxınca aradakı səviyyə fərqi bərabərləşib.
“Səbail”in “Qarabağ” üzərində qələbəsi təsadüf deyildi. Bayıl təmsilçisi dünən azca diqqətli olsaydı, hətta hesab arasındakı fərq daha böyük ola bilərdi. Düzdür, ağdamlılar yenə heyətdə rotasiya etmişdi, lakin əsas oyunçular döyüşə atıldıqdan sonra da “dənizçilər”ə ciddi problem yarada bilmədilər. Əvəzində ilk dəqiqələrdən hesabda geri düşən meydan sahibləri əzmkarlıq sayəsində fasiləyədək iki qol vurdu, qalan zamanda isə qələbə hesabını qorudu.
“Səbail” eyni maliyyəni ötən il də xərcləmiş, xeyli legioner gətirmişdi. Amma o zaman nə məşqçi düzgün seçilmişdi, nə də futbolçular. Şahin Diniyev isə yayda öz komandasını qurmaq imkanı əldə etdi və nəticələr yavaş-yavaş gəlir. Zaman göstərdi ki, komandanın ilk turlardakı büdrəmələri heyətin komplektləşməməsinə görə imiş. “Səbail”in oyun dəst-xətti aşkar görünürdü və Diniyevin zəhməti bəhrəsini verməli idi.
Ötən mövsüm boyu da “Qarabağ” rotasiyalara əl atır, avrokubokda oynayan futbolçulara istirahət verirdi. Vəziyyət çətinləşən kimi isə Zubir və başqaları meydana çıxır, nəticəni dəyişirdi. Dünən yenə eyni addım atıldı, amma Diniyevin yetirmələri buna imkan vermədi. Bununla belə, çempionun bərbad nəticələri təkcə Şahin bəylə bağlı deyil, Qurban Qurbanovun yetirmələri mövsümə çox pis başlayıb. İki məğlubiyyət və autsayderlə oyunda ev heç-heçəsi bir yana, ağdamlılar “Araz-Naxçıvan”la görüşdə də qələbəyə layiq deyildi. Son dəqiqədə vurulan qolla xal itkisindən qaçmaq mümkün olsa da, komandanın oyununda əvvəlki əzəmət yox idi.
Xüsusilə “Səbail”lə matç “Qarabağ”da ciddi problemlər olduğunu göstərdi. Hücumda işlər qaydasında deyil, müdafiənin mərkəzində Kevin Medina tək qalanda gərginlik yaranır, Rahil Məmmədov boşluğu doldura bilmir. Zədəlilərin çoxluğu yarımmüdafiədə və cinahlarda da sıxıntıya səbəb olur. Ötən mövsüm son turlara kimi məğlubiyyət görməyən “Qarabağ” bu il 15 mümkün xaldan 8-ni itirib, 5 matçın 4-də qapısında qol görüb. Çox ciddi rəqəmlərdir və Qurbanov rəqiblərin ciddi şəkildə güclənməsini nəzərə almalıdır.
“Səbail” ardıcıl iki qələbənin davamını növbəti turda Gəncədə də gətirsə, vəziyyətini xeyli yaxşılaşdıracaq. Əks halda, çempionun məğlub edilməsinin əhəmiyyəti azalacaq. Lakin “Kəpəz”in də çıxış yolu yoxdur. “Neftçi”ni yenib “Qarabağ”dan səfərdə xal alan komanda məhz ortabab komandalarla bacarmır. Bu qeyri-sabitlik aradan qaldırılmasa, gəncəlilər autsayderlər qrupunda möhkəmlənəcək və oradan çıxmaq çətin olacaq. Çünki heyət baxımından onsuz da rəqiblərindən geri qalan komandanın əsas ümidi məhz ev oyunlarınadır.
Əvəzində “Araz-Naxçıvan” vacib xallar qazanmaqla möhkəm ortababa çevrilir. Komanda növbəti turda “Neftçi”yə uduzmasa, daha inamlı olacaq.
5 tur komandaların potensialına ilkin baxış üçün kifayət etdi. Qüvvələr nisbətində fantastik fərq yoxdur. İndi təcrübə sözünü deməlidir. Hansı komanda toparlanıb üstünlük qazanmağa başlasa, yekunda məhz o sevinəcək. Lakin bu mövsüm xüsusilə yuxarı pillələrdə gərgin rəqabətə şahid olacağıq. “Zirə”, “Turan Tovuz”, “Səbail” medallar uğrunda mübarizəyə rəng qatacaq.
FƏRİD