Voleybol üzrə qadınlar arasında keçirilən Avropa çempionatı başa çatdı. Tarixində ilk dəfə olaraq Türkiyə milli komandası Avropa çempionu titulunu qazandı. Həm yarımfinalda, həm də finalda 1:2 hesabı ilə geridə olan türklər tay-brekdə qalib gələrək psixoloji cəhətdən də güclü olduqlarını nümayiş etdirdilər.

Bu çempionluqla Türkiyə bir idman növünü necə inkişaf etdirmək lazım olduğunu da göstərdilər. Vaxtilə qitənin ən zəif voleybol ölkəsindən biri hazırda dünyanın ən güclülərindir. Dünya Millətlər Liqasından sonra qitə çempionluğunu qazanmaq uğurun təsadüfi olmadığından xəbər verir.

Bu çempionatda milli komandamız da iştirak edirdi. Bir neçə il əvvəl voleybolçularımız qitənin ən sayılıb-seçilən komandalarından idi. Avropanın istənilən rəqibi üçün başağrısı olmağı bacarırdıq. Təəssüf ki, son çempionatlarda əlimizdən gələn yalnız iştirak olub.

Həqiqət naminə qeyd etməliyik ki, bu dəfə nəticə keçən dəfəkindən bir qədər yaxşı oldu. 2021-ci ildə komandamız fiaskoya uğramışdı. Bu dəfə ən azından qrup mərhələsində qələbə gördük. Ancaq nəticə acınacaqlı oldu. Səbəbi isə fürsət olduğu halda qrupdan çıxa bilməməyimizdir. Çexiya və Yunanıstan üzərində qələbələrdən sonra pley-offa yüksəlmək üçün gözəl şans yaranmışdı. Təəssüf ki, komandamız İsveç millisinə məğlub oldu.

Ən acınacaqlısı da elə budur. Nəhəng voleybol ölkəsinə məğlub olsaydıq, bəlkə də bu qədər təsir etməzdi. Doğrudur, voleybolda da digər idman növlərində olduğu kimi qüvvələr nisbəti qısa zaman kəsiyində dəyişikliyə uğrayır. Ancaq istənilən halda, az müddətdə İsveçdən daha aşağı səviyyəyə enmək məyusedicidir.

Çexiya üzərində qələbə qazanmaqla voleybolçularımız həm azarkeşlərini sevindirmiş, həm də ən yaxşı səkkiz komanda arasına düşmək üçün gözəl imkan əldə etmişdilər. Qrupu üçüncü yerdə bitirməklə milli komanda ilk pley-off mərhələsini də adlamaq iqtidarında idi.

64e26fa580a0331cc04dbabd - Futbolinfo.az

Reallaşmayan ehtimalların səbəbi nə ola bilər? İlk növbədə komandamızın fiziki cəhətdən zəif olduğu üzə çıxdı. Voleybolçularımız hər gün oynamaq qrafikinə yadırğayıblar. Başqa bir səbəb baş məşqçinin oyunun gedişatına təsir edə biləcək addım atmamasıdır. İsveçlə oyunda bu, qabarıq şəkildə özünü büruzə verdi. Rəqib komanda son setlərdə daha çox aşırma zərbələrə bel bağlamağa başladı. Komandamız tərəfindən isə buna qarşı reaksiya verilmədi. Digər nəzərəçarpan məqam rəqib blokun yarılmasında yaranan problem idi. Təəssüf ki, bu problemin aradan qaldırılması üçün müvafiq addımlar atılmadı.

Bütün bunlar bir oyunluq, bir turnirlik problemlərdir. Onların yaranma səbəbi isə daha dərindir. Bundan əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, buraxılan vəsait və atılan addımlar davamlı olmalıdır. Əks halda heç bir faydası olmayacaq. Bir neçə il əvvəl voleybolumuzda dolaşan böyük pulların bu gün bəhərini yetişməli gənc voleybolçularla görməliydik. Təəssüf ki, davamlılığın olmaması həmin pulların da xərclənməsini mənasız etdi. Bu gün Türkiyənin voleyboldakı uğurları yazdıqlarımızın doğruluğunu sübut edir.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

fggfh 1 1 1 1 1 1 768x615 1 1 2 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 2 - Futbolinfo.az
Shares: