Sezar Meza Kolli “Neftçi”ni yen baş məşqçinin qərarı ilə tərk etməyib. Bu ilin yayında Bakı klubundan ayrılaraq Səudiyyə Ərəbistanı “Ohod”una keçən paraqvaylının seçiminin səbəbi başqadır.

Təcrübəli yarımmüdafiəçi “Futbolinfo”ya açıqlamasında qərarını Adrian Mutu “Neftçi”yə gələnədək verdiyini deyib: “Artıq komandaya xeyir verə bilmədiyimi hiss edirdim. Bu üzdən ayrılmaq ideyasını müsbət qarşıladım. Azərbaycanda uğurlu illərim oldu, oynadığım komandalarda azarkeşlər tərəfindən sevildim. Görünür, artıq ayrılmaq vaxtı idi”.

Sən demə, Meza Kolli İtaliya A Seriyasında Mutu ilə komanda yoldaşı olubmuş: “Gedişim Mutu ilə əlaqəli deyildi. O, onsuz da komandaya gec qoşulmuşdu. Mutu mənim sabiq komanda yoldaşımdır. Onunla “Çezena”da bir yerdə çıxış etmişik. Həm futbolçu, həm də insan kimi yalnız xoş sözlərə layiqdir. Məşqçilik bacarığına da güvənirəm. “Neftçi”yə yenidən titullar qazandıracağına inanıram”.

Xatırladaq ki, Sezar 2009-cu ildə “Çezena”nın U-19 komandasına keçib. 2011-də əsas komandaya yüksəldikdən 6 ay sonra “Alaves”ə (İspaniya) və “Pavia”ya (İtaliya) icarəyə verilib. O, Bakı “İnter”inə də 2013-cü ildə “Çezena”dan ayrıldıqdan sonra gəlib. Mutu isə 2011-ci ildə “Fiorentna”dan ayrıldıqdan sonra azad agent kimi gəldiyi “Çezena”da bir mövsüm keçirib.

Shares: