“Turan Tovuz”un panamalı futbolçusu Roderik Miller həmyerlisi, ötən gecə güllələnərək öldürülən milli komandanın üzvü Hilberto Hernandezdən danışıb.
Təcrübəli oyunçu futbolinfo.az-a açıqlamasında Hernandezlə şəxsi tanışlığının olmadığını bildirib: “Onu şəxsən tanımırdım. Sadəcə, başverənləri xəbərlərdən öyrəndim. Haqqında çox az şey bilirəm. Hadisə barədə də çox məlumata sahib deyiləm. Sadəcə, Panamanın aşağı milli komandalarında daha yaxşı olub, orada tanınıb. Bu il əsas komandada 2 matç keçirdi. Ruhu şad olsun”.
Miller Panamada bu cür hadisələrin tez-tez olmadığını da sözlərinə əlavə edib: “Həqiqətən bu cür hadisələr haqqında çox eşitməmişəm. Belə şeylərə rast da gəlməmişəm. Nə baş veribsə, bu cür hadisə olub. O, çox gənc idi. Belə şeylərin olması ayıb və utancvericidir. Fakt budur ki, bu hadisələr çox tez-tez baş vermir. Bəzi məhəllələr təhlükəlidir, lakin Panamada futbol gənclərə belə mənfi şeylərdən uzaqlaşmağa kömək edir”.
Xatırladaq ki, Panama milli komandasının oyunçusu Hilberto Hernandez Kolon şəhərində atışma nəticəsində dünyasını dəyişib. Hadisə zamanı daha 7 nəfərin yaralandığı bildirilir. Hernandes isə xəstəxanada vəfat edib. Həkimlər çalışsalar da, onu xilas edə bilməyiblər.
26 yaşlı müdafiəçi Panama millisində iki oyun keçirib. Futbolçunu qətlə yetirdiyi iddia edilən şəxs həbs edilib.