“Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlov komandasının çıxışını dəyərləndirib. Təcrübəli oyunçu futbolinfo.az saytına açıqlamasında Misli Premyer Liqasının start matçlarından, qarşıdakı görüşlərdən danışıb.

Elvin “Neftçi”yə qarşı son ev matçında məğlubiyyətə (0:1) layiq olmadıqlarını deyir: “Oyuna baxanlar təsdiqləyər ki, uduzmağa layiq deyildik. Yaxşı oyun göstərdik, çoxlu qol epizodlarımız da oldu. Amma bundan istifadə edə bilmədik. “Neftçi” isə əks-hücumda əlinə düşən şansdan yararlandı”.

“Kimyaçılar” mövsümə əla başlasa da, son iki matçda yalnız bir xal qazanıb: “Son iki matçda istədiyimiz nəticəni qazana bilmədik. Amma oyun baxımından hər iki matçda rəqiblərdən üstün oynamışıq. Bu da sevindirici haldır. Belə oyuna davam edə bilsək, qələbələr gələcək”.

Elvin yığma komandalara görə yaranan fasilənin “Sumqayıt”a müsbət təsir edəcəyinə ümid edir: “Hədəfimiz oyundan-oyuna daha yaxşı olmaq, artırmaqdır. Gözəl futbol oynamaq lazımdır. Bundan sonra isə nəticələri əldə edəcəyik. Mövsümün sonuna qədər mümkün qədər çox xal yığmaq niyyətindəyik. Hansı pillədə olacağımızı mövsüm bitəndə hamımız görəcəyik”.

Bədəlov Belçika ilə AÇ-2024-ün seçmə mərhələ matçında da yaxşı nəticəyə ümidlidir: “Həmişəki kimi ciddi hazırlaşacağıq. Evdə oynayırıq və əlimizdən gələni etməliyik. Azarkeşlərimizi sevindirmək üçün çalışacağıq. Düzdür, rəqib çox güclüdür, lakin hər şey bizdən asılıdır. Düz 12 il əvvəl bu komanda ilə Bakıda 1:1 hesablı heç-heçə etmişik. Niyə də bunu təkrarlamayaq? Əsas inanmaqdır. Biz əlimizdən gələni edəcəyik ki, nəticə yaxşı olsun”.

Elvin seçmə mərhələ oyunundan sonra İordaniyaya qarşı yoxlama matçından da danışıb: “Bu oyunun bizə nə verəcəyini mən deyə bilmərəm, baş məşqçimiz daha dəqiq cavab verər. Bizim işimiz çıxıb meydanda futbol oynamaqdır. Mənim fikrim isə belədir ki, yoldaşlıq görüşü yaxşı fikirdir. Komandamıza faydalı olacağını düşünürəm”.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp