Azərbaycan yığmasının sabiq futbolçusu, hazırda II Liqada çıxış edən “Şahdağ Qusar”ın kapitanı Rahid Əmirquliyevin futbolinfo.az saytına müsahibəsi

– Ötən mövsüm bitəndən sonra karyeranızı bitirdiyinizi açıqladınız. 34 yaşda futbolla vidalaşmaq istəyiniz nə ilə bağlı idi?

– Düzdür, ötən mövsümün sonunda karyeramı başa çatdırmağa qərar verdim. Bəlkə də 1 il hansısa klubda ola bilərdim, amma oynamağımı deyə bilmərəm. Çünki keçən mövsüm son 6 ayda oynamadım. Çempionatda cəmi 1 matçda meydana çıxmışdım. Ehtiyat oyunçular skamyasında vaxt keçirməkdənsə, fikirləşdim ki, artıq bəsdir. Həm də digər klublardan real təklif yox idi. Bunlara görə davam etməməyi lazım bildim.

– Karyeranızı bitirdikdən sonra bütün fikrinizi məşqçiliyə yönəldəcəyinizi gözlədiyimiz anda məlum oldu ki, II liqada “Şahdağ Qusar”ın formasını geyinəcəksiniz. Fikrinizi dəyişməyə sizi nə və kim vadar etdi?

– Karyeramı bitirdiyimi açıqlayan kimi məşqçiliyə başladım. “Səbail”in aşağı yaş qrupunda məşqçi kimi fəaliyyət göstərirəm, U-19-da köməkçi məşqçiyəm. C kateqoriyam var. Gələcəkdə Allahın izni ilə B kateqoriyasını almağı düşünürəm. Futbolçu karyeramı bərpa etməyə gəlincə, açığı, belə bir fikrim yox idi. “Şahdağ Qusar”ın fəaliyyətini bərpa etdiyindən xəbər tutdum. Bilirsiniz ki, çoxdandır “Şahdağ Qusar”ın fəaliyyəti dayanmışdı, komanda heç bir liqada çıxış etmirdi. Bu klub mənim üçün doğmadır, futbolçu karyerama məhz orada başlamışam. Bu mənada “Şahdağ Qusar”ın fəaliyyətini bərpa etməsi məni çox sevindirdi. Baş məşqçi Bəhram Şahquliyev kəndçim və birinci məşqçimdir. Onunla görüşüb danışdıq. Mənə təklif etdi ki, gəl, “Şahdağ Qusar”ın içində ol, yeni komanda yaradırıq. “Şahdağ Qusar” mənə doğma olduğu üçün “yox” deyə bilmədim. Karyerama bu komandada başladığım üçün fikirləşdim ki, futbolu elə “Şahdağ Qusar”da bitirməyim düzgün olar.

– II Liqa start götürdü və ilk turda səfərdə “Ağdaş”la qarşılaşdınız. Oyunun gedişində 2 top fərqilə hesabda geri düşsəniz də, tarazlığa bərpa edə bildiniz. Matç haqda nə deyə bilərsiniz və “Şahdağ Qusar”ın gələcəyini necə görürsünüz?

– İki top buraxsaq da, həvəsdən düşmədik və hesabı bərabərləşdirə bildik. Hətta qələbə qolunu da vurmaq üçün imkanlarımız oldu, ancaq istifadə etməyi bacarmadıq. Meydança amili oyunumuza təsir etdi. Ot örtüyü pis vəziyyətdə idi. O cür meydançalarda futbol oynamaq çox çətindir. Ümumilikdə ilk oyun bizim üçün pis keçmədi. “Şahdağ Qusar” yeni yığılmış komandadır, əksəriyyəti təzə uşaqlardır, amma heyətimizdə köhnə futbolçular da var. Sadəcə, mütəmadi məşq etmədiyimiz üçün hələ bir-birimizi meydanda yaxşı başa düşmürük. Məqsədimiz II liqada çempion olmaq və I liqaya yüksəlməkdir. Bir sözlə, Qusara böyük futbolu qaytarmaq istəyirik, camaat darıxıb. “Şahdağ Qusar”ı yaxın illərdə Premyer Liqada görmək ümidindəyik.

– “Şahdağ Qusar”a nəvaxta qədər kömək etməyi düşünürsünüz?

– Bunu indidən deyə bilmərəm. II liqada “Şahdağ Qusar”a xeyir vermək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Allahın izni ilə çempion olub I liqaya çıxarıq, ondan sonra düşünərəm. Həmin vaxt gücüm olacaqmı, komandaya xeyir verə biləcəmmi? Əsas bunlara baxmaq lazımdır. Gücüm olsa, komandaya faydam dəysə, oynamağa davam edəcəyəm. Əksi olsa, futbolçu kimi yox, başqa cür kömək əlimi uzadacağam.

– Maraqlıdır ki, II liqanın yaradılması, I liqaya yeni klubların cəlb olunmasından sonra bir çox bölgələrə futbol qayıtdı. Ancaq vaxtilə oynadığınız Lənkəran şəhərini yeni liqalarda heç bir komanda təmsil etmir. Bu, sizi kədərləndirmir?

– Bayaq da dediyim kimi, komandaların sayının çox olması yaxşı haldır. Bunun sayəsində əksər rayonlara futbol qayıdıb. Bölgələrdə futbola həmişə həvəs olub, azarkeşlər stadionları doldurublar. Çox üzücü haldır ki, Lənkəranı bu liqalarda heç bir klub təmsil etmir. O qədər lənkəranlı azarkeşi futbolsuz qoymaq düzgün deyil. Lənkəran əhli futbolla nəfəs alır. Problemin konkret nədən qaynaqlandığını bilmirəm. Amma Lənkəranda komandanın olmaması məni çox üzür. O azarkeşlər bu vəziyyətə layiq deyillər.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp