Azərbaycanda “İnter” (indiki “Şamaxı”), “Qəbələ” və “Neftçi”nin formasını geyinmiş, bu yay “Neftçi”dən ayrılaraq, ölkəsinin “Jelezniçar” klubu ilə müqavilə imzalayan serbiyalı müdafiəçi Voyislav Stankoviçin futbolinfo.az saytına müsahibəsi
– 8 ildən sonra ölkəniz Serbiyaya qayıdaraq, Pançevo “Jelezniçar”ına keçdiniz. “Neftçi”dən ayrılmağınıza nə səbəb oldu?
– “Neftçi”nin keçmiş baş məşqçisi Laurentsiu Regekampfla yeni müqavilə ilə bağlı söhbətimiz olmuşdu. Lakin o ayrıldıqdan sonra klubdan heç kim mənimlə bu barədə danışmadı. “Jelezniçar” isə ilk dəfədir Serbiya Superliqasında çıxış edir. Klubun ambisiyalı olması seçimimdə həlledici rolu oynadı. İlk gündən mehriban kollektiv, yaxşı atmosfer gördüm. Əlbəttə ki, debütant olduğumuz üçün əsas məqsəd elitada qalmaqdır.
– Mövsümə heç də uğurlu start götürmədiniz. Ora keçdiyiniz üçün peşman deyilsiniz?
– Xeyr, heç bir peşmanlıq yoxdur. Məncə, doğru seçim etmişəm. Zəif başlanğıcı debütant olmağımızla əlaqələndirərdim. Yeni kollektiv formalaşıb, uyğunlaşma üçün müəyyən zaman lazımdır. Getdikcə hər şeyin qaydasına düşəcəyinə inanıram. Çünki məşqçilərlə futbolçular arasında çox yaxşı münasibət var. Bayaq da dediyim kimi, ilk hədəf Superliqada qalmaqdır. Ardıcıl 2-3 mövsüm sabitliyimizi qoruya bilsək, ondan sonra komanda yuxarı pillələrə iddia edə bilər.
– Serbiya Superliqası ilə Azərbaycan Premyer Liqası arasında nə kimi fərqliliklər diqqətinizi çəkdi?
– Hələ ki, çox az oyun keçirmişik. Ətraflı müqayisə etmək üçün erkəndir. Amma ümumilikdə Serbiya çempionatında tempin daha yüksək olduğunu düşünürəm. Üstəlik, Superliqa reytinq baxımından da çempionatınızı qabaqlayır. Adi bir misal çəkim: Serbiya çempionu “Srvena Zvezda” bu mövsüm birbaşa Çempionlar Liqasının qrupundan mübarizəyə qoşulacaq. Azərbaycan çempionu “Qarabağ” isə birinci təsnifat mərhələsindən yarışa başladı.
– Sizdən fərqli olaraq, sabiq komanda yoldaşınız Mateus Saldanyanın “Neftçi”ni Serbiya klubuna dəyişməsi böyük narazılığa səbəb oldu. Onun “Partizan”a keçidinə münasibətiniz necədir?
– Saldanyanın qərarını başa düşürəm. Nəzərə alaq ki, “Partizan” daha güclü komandadır. Yəqin ki, Saldanya onlardan daha yaxşı şərtlərdə təklif alıb. Hətta eşitdiyimə görə, “Partizan” bu transfer müqabilində “Neftçi”yə yüksək məbləğ ödəyib.
– Yeri gəlmişkən, “Partizan” Konfrans Liqasında “Sabah”ı üstələmişdi…
– Hər ikisi yaxşı komanda olduğundan, maraqlı mübarizə alındı. Ancaq etiraf edək ki, “Partizan”ın tarixi və təcrübəsi daha zəngindir. Açığı, ilk matçda “Sabah”ın 2:0 hesablı qələbəsi mənim üçün gözlənilməz olmuşdu. Belqrad təmsilçisi cavab görüşündə revanş almağı bacardı. Fikrimcə, təcrübə həlledici oldu.
– “Neftçi” isə Türkiyə klubu “Beşiktaş”a uduzdu. Sabiq komandanızın sensasiya etməsinə nə mane oldu?
– “Beşiktaş” onsuz da cütün favoriti idi. Amma qrupda oynamaq istəyən komanda rəqibin gücünə önəm verməməlidir. “Neftçi”nin heyətində çoxlu dəyişikliklər oldu. Eyni zamanda “Beşiktaş”ın dünya səviyyəli futbolçuları var. Yəni mane olan Türkiyə klubunun gücü idi.
– Adrian Mutunun rəhbərliyi altında “Neftçi”dən nə gözləyirsiniz?
– Mutu populyar futbolçu olub, çox güclü klublarda çıxış edib. Ümid edirəm ki, baş məşqçi kimi də belə olar. Düzü, komandanın oyununu hələ tam görə bilməmişəm. Heyətə yaxşı legionerlər cəlb olunduğu görünür. Məncə, bu mövsüm daha güclü “Neftçi” görəcəyik.
– Yəni hazırkı heyət sizin dönəminizdəkindən güclüdür?
– Məncə, bəli. Ən yaxşı “Neftçi” isə çempion olan “Neftçi” idi. Hazırkı komandada futbolçuların individual baxımdan yaxşı olduqları deyilir. Lakin komanda şəklində hansı durumda olduqlarını bilmirəm.
İLQAR AĞAYEV