“Neftçi”nin sabiq müdafiəçisi Voyislav Stankoviç Mateus Saldanyanın Bakı klubundan gedişinə haqq qazandırır. O, özü kimi Serbiyaya yollanan brazilyalı hücumçunun addımını anlaşılan sayır.

Hazırda Pançevo “Jelezniçar”ənda oynayan təcrübəli mərkəz müdafiəçisi futbolinfo.az saytına açıqlamasında əvvəlcə öz seçimi barədə danışıb: “Neftçi”nin keçmiş baş məşqçisi Laurentsiu Regekampfla yeni müqavilə ilə bağlı söhbətimiz olmuşdu. Lakin o ayrıldıqdan sonra klubdan heç kim mənimlə bu barədə danışmadı. “Jelezniçar” isə ilk dəfədir Serbiya Superliqasında çıxış edir. Klubun ambisiyalı olması seçimimdə həlledici rolu oynadı”.

Stankoviç Saldanyanın “Neftçi”yə pul qazandırdığını deyir: “Saldanyanın qərarını başa düşürəm. Nəzərə alaq ki, “Partizan” daha güclü komandadır. Yəqin ki, Saldanya onlardan daha yaxşı şərtlərdə təklif alıb. Hətta eşitdiyimə görə, “Partizan” bu transfer müqabilində “Neftçi”yə yüksək məbləğ ödəyib”.

Xatırladaq ki, Saldanya “Neftçi”də icarədə idi. O, Yaponiyanın “JEF Yunayted Çiba” klubundan bu ilin sonunadək heyətə qatılmışdı. Ola bilsin ki, Mateus icarə müqaviləsini vaxtından əvvəl pozduğu üçün belqradlılar təzminat ödəyib.

- Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp