Yesper Lindström bu yay “Liverpul”a keçə bilərmiş. Amma o, mersisaydlılara yox, “Napoli”yə üz tutub.

Futbolinfo.az xəbər verir ki, 23 yaşlı hücumameylli yarımmüdafiəçi İngiltərə klubundan təklif aldığını özü açıqlayıb: “Bəli, “Liverpul” məni transfer etmək istəyirdi. Mən bu klubun fanatıyam, amma karyeramı düşünməli idim. Oraya yollanmaq möhtəşəm olardı. Gəl ki, “Liverpul” daim əsas heyətdə oynayacağım klub deyil. Davamlı meydanda olmalı yaşdayam, İngiltərədə isə mənə bu şans verilməyəcəkdi”.

“Ayntraxt”ın 2021-ci ildə “Brondbü”dən 7 milyon avroya aldığı danimarkalı Frankfurt klubunda özünü yaxşı tərəfdən göstərməyi bacardı. Təsadüfi deyil, bir həftə öncə “Napoli” onun üçün 30 milyon avro ödəməyi lazım bildi. Lindström 2028-ci ilədək İtaliya klubunda oynamalıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp