Yeni yaradılan Azərbaycan II Liqasında yeni mövsüm başladı. Doğrusu, diqqət, ajiotaj gözlənilən də yaxşıdır.
Oyunların səviyyəsinin yüksək olmaması təbiidir. Maliyyə baxımından minimumların tətbiq edildiyi yarışda kadr çatışmazlığı da rol oynayır. AFFA-nın illərdir viran qoyduğu futbol təsərrüfatı bunun açısını ind yaşayır. Bölgələrdə infrstruktur yoxdur, futbolçu çatışmazlığı aşkar hiss olunur, yüksək səviyyəli hakimlər azdır, klublarda isə idarəçi kadrlar barmaqla sayılacaq qədərdir.
Bütün bunların fonunda II Liqanı təşkil etmək, mövsümə start verə bilmək Peşəkar Futbol Liqasının uğurudur. Heç olmamasındansa, bu yaxşıdır. Və zamanla daha yaxşı olacağına ümid etmək üçün əsas var. Cari mövsüm daha çox sınaq xarakterlidir, ələkdən keçənlər gələcək üçün daha sağlam təməl ata biləcək.
Təbii ki, ilk turda yaşanan bir sıra kutyoz hadisələr oldu. Lakin olanlara göz yummadan daha yaxşısına çalışmalıyıq. Meydana itin girməsi təkcə Azərbaycanda deyil, aparıcı Avropa ölkələrinin aşağı liqalarında da yaşanan haldır. Həkimlərin hakimlərə göstəriş verməsi, məşqçilərin hədələməsi də bölgələrdə aparılmamış maarifləndirmə işinin nəticəsidir. Bölgələr illərdir futbola həsrət qalıb və indi bütün problemlərin həllinə nail olmaq çətindir. Lakin zamanla daşlar yerinə oturacaq.
Neqatvlərdənsə müsbət məqamlara köklənməli, daha yaxşısı üçün təbliğat aparmalıyıq. Məsələn, 7 oyunu 3480 azarkeşin izləməsi qeyd olunmalıdır. Bu, hər matça orta hesabla 500 azarkeşin gəldiyi deməkdir. Halbuki, Bakıda keçirilən iki oyunu nəzərə almasaq, yalnız bölgələrdəki qarşılaşmaları əsas götürsək, bu rəqəm daha böyük olar. Müqayisə üçün, Misli Premyer Liqasında 3-cü turun “Araz-Naxçıvan” – “Sumqayıt” oyununu cəmi 350 nəfərin izlədiyini qeyd edək.
Və bütün bunlar çox kiçik maliyyənin qarşılığında reallaşır. 14 klubun hərəsinə AFFA tərəfindən illik (!) 50 min manat ayrılır – cəmi 700 min manat. İddialı komandalar öz yerində, bu mövsümdən Premyer Liqaya qayıdan həmin “Araz-Naxçıvan”ın bir futbolçusunun maaşı bütünlükdə II Liqanın maliyyəsinin yarısından çoxdur. Belə ki, İsmail Azzaui illik 200 min dollar maaş alacaq və bu, 340 min manat deməkdir.
Sıradan, faydasız, Azərbaycan futbolunun inkişafına ciddi fayda verməyən əcnəbiləri klublara doldurmaqdansa, AFFA, PFL aşağı liqalara diqqəti artırmalıdır. “Səbail” hər transfer dövründə bütün heyəti dəyişir, 7-8 legioner gətirib bir o qədərini yola salır. Həmin transferlərdən menecerlərin aldığı komisyon haqqına II Liqada 2-3 klub saxlamaq olar.
Və ya həmin naxçıvanlılar muxtar respublikada stadionu təmir etməkdənsə, uşaq futbolunu dirçəltməkdənsə, 2-3 milyon dolları yalnız əcnəbilərə xərcləyir. Yekunda ən yaxşı halda avrokuboka vəsiqə qazanıb ilk mərhələdəcə kötəklənib geri qayıdacaqlar.
Futbolun inkişafını istəyirksə, bölgələrə diqqət artırılmalı, əcnəbilərə xərclənən milyonları I, II Liqa klublarına yönəltməliyik. Bu komandaların növbəti mövsüm daha yüksək liqaya hazır olması üçün də belə yanaşma vacibdir.
PFL II Liqanın bütün oyunlarını “Yutub”da canlı yayımlamaqla böyük iş görür. Halbuki bu işi dövlətin böyük maliyyə ayırdığı iki idman kanalı etməlidir. Ölkə futbolunun təbliği, inkişafı naminə belə addım atılmalıdır. Xüsusilə “CBC Sport” özünü kənarda saxlamamalıdır. AFFA bu telekanalın təsisçilərindən biridir, mənasız layihələri, şəxslərə qulluq edən verilişləri dayandırmaq, bölgələrdən canlı yayım etmək lazımdır.
Xatırlayırsızsa, həvəskar Region Liqası “CBC Sport”da az qala Premyer Liqa səviyyəsində təbliğ edilirdi. Amma II Liqa diqqətdən kənardadır. Çünki həmin yarışlar vitse-prezident Elxan Məmmədovun layihəsi idi və işıqlandırılırdı, II Liqa isə onun xələflərinin ərsəyə gətirdiyi daha sanballı yarışdır. Bu telekanala ciddi nəzarət edilməli, onun fəaliyyəti ölkə futbolunun təbliğinə yönəlməlidir.
II Liqada neqativlər olacaq, çünki ötən 10-15 il ərzində bölgələrdə futbol adına heç bir iş görülməyib, AFFA fəaliyyətini yalnız paytaxtdakı parnik-klublarda pul dağıtmağa sərf edib. Yarışın səviyyəsini artırmaq üçün əl-ələ vermək, yanlışları düzəldə-düzəldə böyüməyə çalışmaq lazımdır.
FƏRİD