Anhel di Mariya “Benfika”ya transfer olunarkən heç bir şərt irəli sürməyib. O, hətta maaşı ilə də bağlı danışıq aparmayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Lissabon klubunun prezidenti Ruy Koşta məlumat verib: “Di Mariya fantastik maaş almır. Onun üçün borca düşmədik. Zatən azad agent idi, maaşı da çox yüksək deyil. Anhel hətta maaşının nə qədər olacağını bilmək istəmədi. Sadəcə, “Benfika”ya dönməyi arzulayırdı və mənə hətta bir avroya da oynamağa razı olduğunu dedi”.

Xatırladaq ki, “Benfika” argentinalının Avropadakı ilk klubu olub. Daha sonra “Real”a satılan yarımmüdafiəçi “Mançester Yunayted”, PSJ və “Yuventus”u dolaşdıqdan sonra Portuqaliyaya qayıdıb. O, 2010-cu ildə gəldiyi “Benfika”da 4 mövsüm keçirmişdi, indiki müqaviləsi isə gələn yay başa çatacaq.

Shares: