“Qarabağ” Futbol Klubunun baş meneceri Asif Əsgərov nüfuzlu beynəlxalq futbol qurumunda yüksək vəzifə ala bilər.

Futbolinfo.az xəbər verir ki, Əsgərovun Avropa Klublar Birliyinin (ECA) İcraiyyə Şurasına namizədliyi irəli sürülüb. Bu təşəbbüslə Avropanın bir neçə aparıcı klubu çıxış edib.

Sentyabrın 5-7-də Berlin şəhərində Avropa Klublar Birliyinin Baş Assambleyası keçirilir. Sabah qurumun İcraiyyə Şurasına seçkilər də keçiriləcək. Əsgərov bu vəzifəyə seçiləcəyi halda, beynəlxalq nüfuzlu futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı olacaq.

Azərbaycan futbolunun professional kadrlarından hesab olunan Əsgərov bir neçə il əvvəl ECA-nın İşçi Qrupunun sədr müavini seçilmişdi.

Qeyd edək ki, 2008-ci ildə təsis olunan ECA UEFA-nın tanıdığı yeganə klub təşkilatıdır. O, Avropada klubların maraqlarını müdafiə edir və özündə 250-ə yaxın üzvü birləşdirir. Qitəninin demək olar ki, bütün TOP klubları bu quruma üzvdürlər. Avropada klub yarışları (Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası) məhz ECA-nın tövsiyəsindən sonra UEFA tərəfindən nəzərə alınmaqla keçirilir. Ümumiyyətlə, ECA bu gün Avropa klubları üçün böyük əhəmiyyət daşıyan, söz sahibi olan mötəbər qurumdur.

Qeyd edək ki, İcraiyyə Şurasında 24 nəfər təmsil olunur. Hazırda quruma və Şuraya PSJ-nin prezidenti, məşhur ərəb iş adamı Naser Əl-Xəlaifi rəhbərlik edir. Bu gün üçün Şura üzvlüyündə “Ayaks”, “Atletiko”, “Arsenal”, “Tottenhem”, “Borussiya” (Dortmund), “Bayer”, “Roma”, “Milan”, “Fənərbaxça” kimi klubların rəhbər şəxsləri də təmsil olunur.

Shares: