“Şahruddinin qərarına hörmətlə yanaşdıq və “Adana Dəmirspor”a keçidinə icazə verdik”. Bunu “Report”a açıqlamasında “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl qapıçı Şahruddin Məhəmmədəliyevin Türkiyənin “Adana Dəmirspor” klubuna keçidi ilə bağlı danışarkən deyib.

Ağdam klubunun rəsmisi Azərbaycan vətəndaşının Türkiyədə yerli statusda çıxış etməsinin transferdə vacib rol oynadığını bildirib: “Şahruddinin “Adana Dəmirspor”dan təklifi var idi. Bizə özünü orada sınamaq, karyerasını Türkiyədə davam etdirmək istədiyini bildirdi. Üstəlik, Azərbaycan vətəndaşları Türkiyədə legioner statusunda oynamırlar. Bu, bəlkə də ona əlavə stimul olub. Şahruddin də ora getməyə üstünlük verdi”.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyevin “Adana Dəmirspor”la 2+1 illik müqavilə imzalaması gözlənilir.

Shares: